…Dodonun şəkildə əlində tutduğu pulları saydım. Bu, azərbaycanlı mentalitetində “kişinin pullarını saymaq ayıbdı” məntiqinə zidd olsa da, mən saydım. Bir əlində 15 ədəd 500 avro, digərində 15 ədəd 100 dollar…
 
Bu əskinazlar öz kursları üzrə ən böyükləridir və “Qəbələ”nin sahibi olan Heydərovlar ailəsinin zənginliyini ifadə edir. Dodo “Qəbələ”dən digər pulu oyuncaq edən həmkarları Daniel Subotiç və Lorenso Ebesilio ilə eyni qədər pul almır, fərqlər var. Ancaq nəhayətdə bu futbolçular da Tale Heydərovun klubunda oynamaq xoşbəxtliyinə sahib olan digərləri kimi çox pul alırlar. Çünki “Qəbələ” öz sahibləri kimi zəngin klubdur. Zənginlik isə çox pul deməkdir.
 
Biz bunu əvvəl də bilirdik. Dodo o şəklində camaata əslində yeni heç nə göstərmir. Bilirik ki, Heydərovlar ailəsinin mülkiyyətində olmaq “çox pul” deməkdi. Onlar zəngindirlər, çoxlu pulları var. Ancaq Dodonun əlində, həm də onun gülən sifətindəki cizgilərin səbəbi kimi görüntülənən həmin “çoxlu pul”, Subotiçin, Ebesilionun əlindəki “paçka”lar bugünə qədər bizim eşitdiyimiz Tale Heydərov zənginliyini yaxşı tərəfdən təqdim etmir. Bu, bir rəzalətdi. Bu, istedadı, təvəzökarlığı, işgüzarlığı haqda əfsanələr eşitdiyimiz gəncin rəhbərlik etdiyi müəssisə tərəfindən onun simasına biçdiyi tipik məmur övladı libasıdı. Ki, Tale bəyin belə biri olduğunu demirdilər…
 
…“Ebesilio və Leonardo da Silva qışda “Qəbələ”ni tərk etsələr, Syominin komandası qızıl medalsız qala bilər. Mən bu futbolçuları daha yarım il üçün pulsuz da verə bilərəm. Onların yayda variantları olacaq. “Qəbələ” ilə sonra hesablaşarıq” – bu sözləri keçən ilin dekabrında “Sovetski Sport”a Yuri Syominin rəsmi təmsilçisi Dmitri Selyuk ifadə etmişdi. İlk baxışdan Selyuk həmin vaxta qədər Yuri Palıçın komandasında pis çıxış etməyən oyunçularının dəyərini bir qədər də qaldırmaq üçün manevr edir. Təbii ki yox, bu manevr onun Moskva “Lokomotiv”i,  Moskva “Dinamo”su, Kiyev “Dinamo”su dövründə belə birlikdə işlədiyi təcrübəli müştərisi üçün hesablanmamışdı. İllərlə Donesk “Metallurq”nu vitse-prezident postu ilə barmağında fırlamış, potsovet futbol məkanında kölgəsi üstündən keçməyən futbol nəsnəsi qalmayan “futbolçu təmsilçisi”nin süfrəsində “Qəbələ” həm dadlı, həm də rahat yemdi. Əlbəttə, Selyuku Syominin “Qəbələ”də qızıl medal qazanmağından daha çox maraqlandıran şeylər var. Onun uğursuzluq zolağında qalan futbolçuları bu əsrarəngiz klubdan tramplin kimi istifadə edə bilərdilər. Eləcə də “Volın”da 25 oyunda cəmi 5 dəfə fərqlənə bilən və artıq Vitali Kvartsyanın gözündən çoxdan düşmüş Subotiç üçün.
 
Bunun ardınca Marat İzmaylovun “Portu”da düşdükcə düşməkdə olan karyerasını da Yuri Palıçın çiyninin üzərinə qoyulması faktını da yaza bilərsiniz və s. Ancaq biz mövzudan uzaqlaşmayaq. Syominin məşqçilər, agentlər, həkimlər, masajçılar və s. Rusiyadan gətirdiklərindən ibarət komandasının və özünün beynində qızıl medallar hədəfi hələ qış hazırlığı dövründə silinib. İndi Qəbələdə Selyukun futbolçularının yay transferləri dönəminə reablitasiyası gedir. Bu reablitasiya dövrü “Qəbələ”nin hansı əyarda medallarını qurban verəcək – onu mövsüm sonunda biləcəyik.
 
…Subotiçin model gözəlçəsi Qəbələyə, səhv etmirəmsə, futbolçuların qaldığı “Qafqaz”otelinə qonaq gəlir. Bu bir futbolçunun sevgilisi olması qədər normal haldı. Mən Subotiçlə sevgilisinin “+18” şəkilləri üçün də heç nə deməyəcəm. Futbolçu belə istəyib, çəkib, yayıb, öz işidir. İntəhası, hadisənin vaqe olduğu yer və şəkillərin forması “Qəbələ”nin hansı intizamsız vəziyyətdə olduğunun göstəricisidir.  Subotiçin bu şəkillərinə klubdan heç bir reaksiya gəlməyəndə bunun  daha pisini görəcəyimizi ehtimal etməliydik. Bir klub reaksiya vermədiyi hadisəni demək ki, ciddi qəbul etmir. Arxasınca “çoxlu pul” məsələsi çıxdı. Anladığım “Qəbələ” bu “çoxlu pul” həngaməsinə də reaksiya verməyəcək. Deməli, ordakılar bundan daha pis şeylərin mövcudluğundan xəbərdardılar. Mövcud faktlar bizim üçün ciddidi, onlar üçün adi. “Qəbələ” rəhbərliyi komandalarında bundan da pis nöqsanların olduğunu bilir. Vəziyyətdən aydın olur ki, Qərb klubu idarəçilərində bu vəziyyətdən ya çıxmaq potensialı yoxdu, ya da ki, Syomin – Selyuk ortaqlığı ilə maraq bərabərliyi var.
 
İntizam məsələlərindəki boşluqlar da hökm sürən anarxiyanın təzahürüdü.  “Qəbələ”nin siması kubokda sürünə-sürünə“Qarabağ”ı keçmək deyil, “İnter”ə evdə az-qala 0:5 (1:4) məğlub olmaqdı.
 
Keçən yazıda konkret xarakterində problemlər olan futbolçuların “Qəbələ”yə cəlb olunması barədə danışmışdıq. Məsələn, mən Yaşar Abuzərovun Qərb klubunda nə vaxt karyerasını bitirdiyini bilmədim. Hansısa, xəbər gözümə ilişməsəydi, onun 60 yaşında da orada oynayacağını düşünəcəkdim. Eyni gülməli situasiya Elmar Baxşıyev üçün də keçərlidi. Rail Məlikovun da tezliklə bu tip “18-likdən kənar futbol işçisi” statusunda düşəcəyinə inanıram.
 
“Qəbələ”də rəzalət, qeyri-peşəkarlıq faktları o yerdədi ki, problemləri bir xətt üzrə sadalamaq belə çətindi, adamın fikri dağılır. Bu yazının da heç nəyi dəyişməyəcəyi aydındır. Heydərovlar ailəsinin üzvləri böyük ehtimalla idman mediasını oxumurlar. Onlar elə bilirlər ki, bütün günahlar və savablar öz qurduqları imperiya sərhədləri çərçivəsində görünür, həll olunur. Adamlar deməli, o qədər qapanıblar ki, Subotiç sevgilisi ilə üzərində “Qafqaz otel” yazılı hamam xalatında öpüşərkən çəkdirdiyi şəklini, Dodo, Ebesilio aldıqları pulları içtimailəşdirərkən məsuliyyətdən azad olduqlarına inanırlar…
 
P.S. İkincə dəfə “Qəbələ” mözvzusunda yazmaq təsadüfdü. Həm də “Qəbələ”nin yaratdığı təsadüf. Sadəcə, adamlar öz rəzalət seriyaları ilə gündəmi başqalarına buraxmaq istəmirlər…
Shares: