Topaz Premyer Liqasının 28-ci turunda "Qəbələ" səfərdə "Qarabağ"a 0:3 hesabı ilə məğlub oldu. Oyunun ikinci hissəsində qırmızı vərəqə alaraq meydandan qovulan "qırmızı-qaralar"ın müdafiəçisi Elnur Allahverdiyev hakimlikdən çox narazı qaldı. Elə təcrübəli müdafiəçi futbolinfo.az saytına müsahibəsində də bu narazılıqlarını dilə gətirib:
 
– Qırmızı vərəqə aldığınız epizoddan çox narazı qaldığınız hiss olunurdu…
– Orada qırmızı vərəqə var idi? Orada top uğrunda mübarizəyə girmişdim. Qayda pozuntusu yox idi. İkinci qolda topa hərəkətlə başladılar. Səhv deyirəm, deyin ki, səhv deyirsən. Bildik də "Qarabağ" çempiondu, bəs məni niyə sıxırsan?
 
– Qrmızı vərəqə almağınız komandada sizə hansısa problem yaratdı?
– Heç bir problem yaratmadı. Niyə qırmızı vərəqə alım axı? Vallah, mənə qarşı haqsızlıq oldu.
 
– Bəs, soyunub-geyinmə otağında nə baş verdi?
– Heç bir şey baş vermədi. Məğlub olduğumuza görə, istər-istəməz əsəblər gərgin idi.
 
– Qırmızı vərəqə almağınız oyunun nəticəsinə təsir etdi?
– Əlbəttə, təsir edir. Topu əli ilə atıb, oyuna başlayır. Bəs, hakim bunu görmür? Görmürsə, niyə hakimlik edir? Hakimlik edə bilmirsənsə, çıx get də, qanımızı içməyə gəlmisən? Adam kişi olar. Oyunda can qoyuram, axırda da gəlib mənə heç nədən qırmızı vərəqə verdi. Ay kişi, bunlar vallah savadsızdılar. Siz jurnalistsiz də, gedin onlara futbol qaydalarından sual verin, əgər cavab versələr, mən futbol karyeramı başa vuraram. Qurana and olsun, savadları yoxdu.
 
– Qış fasiləsindən sonra komandadakı eniş nə ilə bağlıdı?
– Mənə elə gəlir ki, komandada böyük problem var. Dəqiq nə problem olduğunu bilmirəm. Amma nəsə böyük problem var.
 
– Bəlkə münasibətlərdə problem var?
– Vallah, mən öz işimi yerinə yetirirəm. Çıxıb öz oyunumu oynayıram.
 
– Açıq-aşkar hiss olunur ki, yerli futbolçular legionerlərin zəif oynadıqlarına görə çox narazıdılar…
– Oynayırlar? Sizə sual verirəm. Meydana çıxırıqsa, hamı oynamalıdı. Bir-iki nəfərlə futbol olar?
 
– Bununla bağlı baş məşqçi futbolçularla söhbət aparmır?
– Yuri Syomin özü bilər.
 
– Düşünmürsüz ki, yerli mütəxəssis olsa, vəziyyət tamam fərqli olar?
– Mən o barədə düşünmürəm. Onu rəhbərlik bilər. Hazırda biz çətin durumdayıq, bu vəziyyətdən çıxmalıyıq.
 
– Marat İzmaylov komandaya gəldikdən sonra söz-sözhbətlər yayıldı ki, komandada qruplaşma var…
– Bəlkə ola bilsin, var. Ancaq mən o işə qarışmıram. Mənim işim futbol oynamaqdı. Mən onu bilirəm ki, burada nəsə var.
 
– "Qəbələ"də icarə müddətin başa çatdıqda "Xəzər Lənkəran"a qayıtmaq istəmirdiz. Qeyd edirdiz ki, "Qəbələ"də başınız dincdi. Yenə bu fikirdə qalırsız?
– Burada yenə də başım dincdi. Sadəcə, nəticə məni qane etmir. Nəticədən çox narazıyam.
 
EMİN SƏFƏROV
Shares: