"İnter"in direktoktoru Natiq Məmmədov "Sumqayıt"la oyunda baş verən qalmaqala aydınlıq gətirib. Məmmədovun futbolinfo.az saytına verdiyi müsahibəni təqdim edirik.
 
– Həmin anda nə baş vermişdi?
– Həmin polis əməkdaşları birinci gün növbəyə çıxanlar idi və onlar məni tanımamışdı. Mən dedim qapını açın, onlar da tanımadıqları üçün açmadı, dedilər o biri qapıdan girin. Sonra komandirləri dedi ki, komandanın rəhbərliyindəndi, buraxın və qapını açıb məni içəri buraxdılar. Mən də paltardəyişmə otağına getdim. Qaldı ki, mənim kimisə təhqir etməyimə, özü də polis əməkdaşını, bu, qeyri-mümkün bir şeydi. Sadəcə, demişəm ki, komandanın rəhbərliyindənəm. Ümumiyyətlə söyüş olmayıb.
 
– Mən də həmin oyundaydım və oyundan sonra siz paltardəyişmə otağından çıxaraq, komandirləri ilə söhbət etmək üçün meydana daxil oldunuz…
– Polisləri söyməyim mümkün deyil. Getdik söhbət etdik və orada hər şey aydınlaşdırıldı. Orada heç bir söyüş olmayıb. Mən heç kimin ünvanına təhqiredici ifadə işlətməmişəm.
 
– Hətta polis belə bir ifadə işlətdi: "5 manata görə bizi bura gətirəndə, biz də söyülərik". Yəqin ki, bunu əbəs yerə deməyib. Axı od olmayan yerdən tüstü çıxmaz…
– Mən inanmıram ki, polis belə bir ifadə işlətsin. 5 manat nədi?
 
– 5 manat simvolik rəqəmdi…
– Bu cür dövlətdə yaşayırıq və polislərimiz yüksək səviyyədə qiymətləndirilir. Onlar gözəl əməkhaqqı alırlar, inanmıram ki, elə söhbət ediblər.
 
– Yəni əsas məsələ onların hansısa məbləğ qarşılığında stadiona gəlib söyülməsidi…
– Onlara nə məbləğ verilə bilər ki? Polisin işi nədi? Gəlib asayişi qorumaq. O da gör işini necə möhkəm görürsə, heç komandanın rəhbərini içəri buraxmır. Asayişi qorumaq polisin işidi. Orada nəsə hadisə olsa, onlar günahkar olacaq. Ona görə də polis öz işini görür ki, heç bir hadisə baş verməsin və onların işindən razıyıq. Hətta orada polis yox, mülki geyimli şəxs olsaydı, mən yenə söyüş söyməzdim.
 
– Futbolçunun azarkeşi, hakimin məşqçini, ümumiyyətlə futbolda kiminsə kimisə söyməsinə necə baxırsız?
– Heç də yaxşı deyil. Bu, idman aləmidi və siz daxildə olsaz, daha yaxşı görərsiz. Adi məşq vaxtı söz-söhbətlər olur. Sonra hamı bir-biri ilə görüşür və ayrılır. İdmandı, idmançı psixologiyasıdı, emosiyaya qapılırlar. Əvvəl mübahisə edirlər, sonra dodaqlarını bir-birindən ayırmaq olmur. İstərdim ki, söyüşə görə AFFA cərimələri daha da ağırlaşdırsın.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp