AFFA və Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderinin birgə əməkdaşlığı çərçivəsində İngiltərənin "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində iştirak edə bilmək üçün Bakıda və respublikanın bir neçə bölgəsində seçim turları təşkil olunur. Futbolinfo.az xəbər verir ki, bu gün Tovuz rayonunda uşaqların qeydiyyat prosesi keçirilib.
 
AFFA-nın Elit Məşq layihəsində fəaliyyət göstərən məşqçilərin və Topaz Premyer Liqası klublarına AFFA tərəfindən təyin olunmuş idman direktorlarının iştirakı ilə keçiriləcək seçimlərə 2002-2006-cı il təvəllüdlü 8 yaşından 12 yaşınadək oğlan və qız uşaqları qatıla bilərlər. Uşaqların daha çox texniki xüsusiyyətlərinə diqqət yetiriləcək. Ödənişsiz əsaslarla keçiriləcək seçim prosesində iştirak etmək üçün uşaqlar doğum haqqında şəhadətnamənin əslini və tibbi arayış təqdim etməlidirlər.
 
Seçimləri müvəffəqiyyətlə keçən 32 uşaq AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbinin məşqçilərinin rəhbərliyi ilə iyunun 2-dən 6-dək olan müddətdə təşkil olunacaq məşqlərdə iştirak edəcək, onların arasından seçiləcək 5 uşaq isə Mançester şəhərinə 4 günlük səfərə yollanacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp