FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayanda məlum oldu ki, yığmamız 8 pillə geriləyərək, 139-cu yerə yuvarlanıb. Reytinq cədvəlində adını ilk dəfə eşitdiyimiz ölkələrdən geri qalmaq həqiqətən də məyusedicidi. Fikrimcə, bu biabırçılıqdan AFFA-nın baş katibi Elxan Məmmədov da utanıb. Axı o, assosiasiyanın Hesabat Konfransında futbolumuzun inkişafı, nüfuzu üçün hər il ən azı 20 milyon manatın xərcləndiyi açıqlamışdı.
Əslində, belə birabırçı nəticələrə görə assosiasiya rəhbərliyini çox da qınamaq niyyətində deyiləm. Onların qınaq obyektinə çevrilməsinə səbəb yalnız, xərclənilən məbləğin şişirdilməsi və ya mənimsədilməsidi.
Zaman keçdikcə yığma komandamızdan uğur gözləməyə dair ümidlərimiz puç olmaqdadı. Allah daha betərindən saxlasın. Niyə? Çünki, millinin hücumçusu Rauf Əliyevin “Neftçi”də yekəqarın Kanalesin kölgəsində qaldığını fikirləşəndə adamın tükləri biz-biz olur. Mahir Şükürov Türkiyə PTT 1-ci Liqa təmsilçisi “Karşıyaka”da ara-sıra forma şansı qazanırsa, nəyə ümid edək axı? Bir halda ki, böyük ümid bəslədiyimiz və “Neftçi”nin bəh-bəhlə icarəyə verdiyi Cavid İmamverdiyev elə eyni liqanın 12-ci pilləsində qərarlaşan “Elazığspor”dan qovulursa, hansı perspektivdən, hansı gələcəkdən danışmaq olar? A kişi, “Elazığspor”dan e…
Gözünüz aydın, Rail Məlikov da qayıdır. Təsəvvür edin ki, vaxtı ilə  “Neftçi”nin kapitanı olan Məlikov indi PTT 1-ci Liqasının autsayderi olan “Dənizlispor”da belə, forma şansı qazana bilmir. “Qəbələ”nin az maaş təklifi ilə razılaşmayan Rail klubu liqanı tərk etsə də, etməsə də burnunu sallayıb Bakıya qayıdacaq. Bundan sonra 1-ci divizion təmsilçisi “Zirə”də çıxış edə bilsə, Allahına şükür etsin.
Azərbaycanlaşdırılan Branimir Subaşiçin “Manisaspor”la müqaviləsi gələn il yekunlaşır. Amma klubu aşağı liqaya yuvarlanacağı halda, o, sərbəst qalacaq. Belə durumda Subaşiçin  ölkəmizdə yenidən top qovması istisna deyil. Belə getsə, millimizin baş məşqçisi Robert Prosineçki Azərbaycan çempionatında 50-ə yaxın qol vuran Branimiri 2 ildən sonra yenidən yığmaya cəlb edəcək. Əliyev Rauf cari mövsümdə cəmi 3 qol vurubsa, indi ehtiyatda qalıbsa, xorvat çalışdırıcı hücum xəttində kimə güvənməlidi axı, Vaqif Cavadova?
"Qulaq gündə bir söz eşitməsə, kar olar" deyirlər. Vallah, bu seriallar camaatın axırına çıxacaq. Sən demə, Türkiyədə çıxış edən futbolçumuzu uzun illərdi yayımlanan və kifayət qədər reytinq toplayan “Kurtlar Vadisi” serialının baş qəhrəmanı Polad Ələmdara bənzədirlərmiş. Bu, hazırda “Boluspor”da çıxış edən Vaqif Cavadovdu. Klub daxilində “racon kəsmiyorum, kafa kəsiyorum” deyən Cavadovun “Qaziantep BB”dən ayrılmasına səbəb də bu olub.
Bizə verlən məlumata görə, Cavadov Qaziantep təmsilçisində çıxış etdiyi vaxtlarda komanda yoldaşları ilə yola getməməklə yanaşı, həm də onlarla mübahisə edirmiş. Bundan başqa Vaqifin “burda mənəm, Bağdadda kor xəlifə” deməsi də bardağı daşıran son damla olub. Elə buna görə də komanda yoldaşları Cavadovu Polat Ələmdar deyə “iminnavat” ediblər. Çox güman ki, mövsümün sonunda əsas heyətə düşə bilməyən Cavadov “Boluspor”u axırı “spor”la qurtaran başqa bir komandaya dəyişəcək. Və biz yenə düşünəcəyik: Fatmagülün suçu nə?
EMİN SƏFƏROV
Shares: