Son günlərdə ölkənin idman mətbuatında “Qarabağ”ın və millimizin kapitanı Rəşad Sadıqovun ölkə çempionatının 1-ci divizionda mübarizə aparan “Zirə” ilə bağlılığından yazılır. Yayılan məlumatalarda Sadıqovun debutant komandanın rəhbərliyi ilə yaxın dost olduğu bildirilir. 
Görəsən, bu münasibətə görə, təcrübəli müdafiəçi gələcəkdə “Zirə”də fəaliyyət göstərə bilərmi? Saytımıza açıqlama verən Sadıqov “Zirə” rəhbərliyi ilə dost olduğunu təsdiqləməklə yanaşı, maraqlı məqamlara da aydınlıq gətirdi: 
“Zirə” ilə bağlı xəbərləri özüm də mətbuatda oxudum. Mənim bağlılığım ordakı dostlarımdan ibarətdi. Hamı bilir ki, klub prezidenti Vüqar Astanov və icraçı direktor  Seyidağa Babayevlə 10 yaşımızdan bir yerdə oynamışıq, həm də dostuq. Artıq 23 ildi… “Zirə” komandasından əvvəl də daima onlarla görüşürdük. Mənim oyunlarıma gələrdilər. Bu münasibət bizdə həmişə olub. Sonra elə oldu ki, “Zirə”ni adını çəkdiyim şəxlərə həvalə etdilər. Seyidağa Babayevin orda icraçı direktor olması da Astanovun istəyindən irəli gəldi. Biz tez-tez görüşürük. Futboldan söhbət edəndə “Zirə”dən də danışırıq. Hərdən məsləhətləşirik. Bir futbolçu haqda maraqlananda məndən onu tanıyıb-tanımadığımı soruşurlar. Təkcə “Zirə”dəki deyil, elitada çıxış edən dostlarımla da oturub çay içəndə  öz ağlıma görə düz bildiyimi həmişə məsləhət vermişəm. Hətta millinin düşərgəsində olanda rəqibimə də məsləhət vermişəm ki, bizə qarşı belə oynasan sənin üçün ağır olacaq. Burada da mənim dostlarımdı. Komandanın rəhbərliyi ilə neçə illərdi yaxınlığım var. Vaqif Paşayevin rəhbərliyi altında oynamışıq. Hərdən də gedib, komandanın oyunlarını izləmişəm. Bundan sonra da gedəcəm. Çünki onlara azarkeşlik edirəm. İstəyərəm ki, yaxşı nəticələr əldə etsinlər. Çünki futbolu sevən və bilən insanlardı. Futbola çox ciddi yanaşırlar. Ancaq inkişaf haqda düşünürlər. Futbolçulara şərait, onlara qayğı və s. Peşəkar səviyyədə klub qurmaq istəyirlər. Məndən də məsləhət alanda öz bildiyimi əsirgəmirəm”.
“Ola bilərmi ki, gələcəkdə Rəşad Sadıqov “Zirə”də rəhbərlik səviyyəsində təmsil olunsun” sualına isə “Qarabağ”ın kapitanı olduqca maraqlı cavab verdi: “Rəhbərlik yox, Vüqar Astanov mənə deyir ki, Premyer Liqaya çıxanda səni komandamıza transfer edəcəyik. Hər dəfə cəhd edib, məndən söz almaq istəyir. Hələ ki, bu, real görünmür. Karyeramı “Qarabağ”da davam etdirmək istəyirəm. Gələcəkdə hər şey ola bilər. Futbolçu karyeramı başa vurduqdan sonra bu sahədə çalışmaq istəyirəm. Ola bilər ki, “Qarabağ”da, “Zirə”də və ya başqa bir klubda fəaliyyət göstərim. Mənə ehtiyac olan yerdə işləmək istəyirəm. Bir yerdə ki, mənə ehtiyac olmayacaqsa, orda boş-boşuna maaş alacağamsa, oturub, tribunada sakitcə oyunları izləyəcəmsə, elə bir iş istəmirəm.  O yerdə çalışmaq istəyirəm ki, nəsə yaradaq, nəsə iş görək. Azərbaycan futbolunda yenilik etməklə bağlı planlarım var. İnşallah, çox istəyərəm ki, futbol sahəsindəki fəaliyyətimi “Qarabağ”da davam etdirim”.
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp