Topaz Premyer Liqasının bombardiri Nurlan Novruzovun növbəti iş yerinə böyük ölçüdə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, "Bakı"nın "vuran ayağı" cari mövsümün sonunda İsveç "Hammarbü"sü ilə müqavilə imzalayacaq.
Artıq İsveç təmsilçisinə Novruzovun çempionatda vurduğu 15 qolun videogörüntüləri göndərilib və klubun məçqçilər korpusu futbolçunu bəyənib.
Bu sövdələşmədə "Bakı"nın sabiq meneceri Vüqar Hüseynzadənin böyük payı var. Belə ki, Hüseynzadə "Hammarbü"də də menecer kimi çalışdığından klubla əla bağlantıları mövcuddu.
Əldə etdiyimiz məlumata görə, İsveç klubu bu transfer üçün əldən-ayaqdan gedir. Skandinaviyalılar üçün də bu, piardı ki, hansısa çempionatın ən yaxşı bombardiri klubumuza gəlir. Ancaq klubdan bildirilib ki, Nurlan mütləq baxışda olmalıdı. Yəni baxış olmadan transfer mümkün deyil.
"Hammarbü" ötən mövsüm aşağı dəstədə (Superettan) çempion olaraq İsveç yüksək liqasında (Allsvenskan) oynamaq hüququ qazanıb. Hazırda isə mövsüm yenicə start götürüb. İsveçdə çempionat yaz-payız sistemi ilə keçirilir. "Hammarbü"nün 7 oyundan sonra hesabında 11 xal var.
Xatırladaq ki, əvvəllər də azərbaycanlılardan İsveçdə oynayanlar olub. SSRİ dağıldıqdan sonra İqor Ponomaryov “Neftçi”dən ayrılarkən siyasi qaçqın kimi bu ölkəyə sığınmışdı. O, guya ölkəmizdə ruslara qarşı təzyiq göstərildiyini əsas gətirərək qaçmış, bir müddət “Norçeppinq”də çıxış etmiş, 1989-cu ildə 17 oyuna 3 qol vurmuşdu. Sonralar İqor Anatolyeviç qaçış səbəblərini “unutdurub” ölkəmizə gəldi, hətta milli komandamıza və bir sıra klublarımıza da rəhbərlik etdi. Onun oğlu Anatoli də yığmada, bir sıra klublarımızda çıxış etdi, bundan başqa, İsveç komandalarından 8-də qısa müddət forma geydi.
Həmyerlilərimizdən Yalçın Bağırov və Valeh Qafarov da bu ölkənin bəzi aşağı dəstə komandalarında oynayıb. "Hammarbü"yə gəlincə, bu klub birvaxtlar Zaur Tağızadəni transfer etmək istəyirdi. Amma yarımmüdafiəçi “Neftçi”yə sadiq qaldı, əvəzində Ramal Hüseynov bu kluba yola düşdü. 2001-ci ildə isveçlilər hazırda “Qaradağ Lökbatan”da oynayan futbolçunu baxışdan keçirsələr də, sonradan rəsmi oyunlarda şans vermədən geri göndərdilər. Ümid edirik ki, Nurlan eyni taleyi yaşamayacaq.
TAHİR MƏMMƏDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp