Son mövsüm başa çatdıqdan sonra “Qarabağ” dan ayrılan futbolçulardan biri də Vüqar Nadirov idi. O Nadirov ki, komandanın heyətində yeganə ağdamlıydı.
Onun gedişi komanda ətrafında böyük rezonans doğurdu. Hətta bəzi fanatlar uzun illərdi komandada olan, lakin çox nadir hallarda meydana çıxan Tural İsgəndərovun komandadan ayrılmamasını qabartdı. Məhz İsgəndərovun adının hallanması əbəs yerə deyil. Belə ki, o, baş məşqçi Qurban Qurbanovun bacısı oğludu. Yaşanan hadisələrdən bir neçə gün sonra Qurbanov komandadan ayrılacaq futbolçuların tam siyahsını açıqlayanda siyahıya Turalında adını saldı.
Maraqlıdı, görəsən, İsgəndərovun komandadan ayrılmasına fanatlar arasında yaranan narazılıq səbəb oldumu? Bu haqda Tural futbolinfo.az-a danışıb.
– Əvvəlcə “Qarabağ”dan ayrılmağınla bağlı fikirlərini bilmək istərdik…
– Artıq kubokun final matçından öncə mənə deyilmişdi ki, klubdan ayrılacam. Hələ ki, 1-2 variant var. Premyer Liqa klubları ilə danışıqlar aparıram. Dəqiq seçim etməmişəm. Hazırda rayonda (Zaqatalada) istirahətdəyəm. Amma getməyimlə bağlı mənə əvvəlcədən deyilmişdi.
– Uzun müddət “Qarabağ”da çıxış etdin, lakin heyətdə möhkəmlənə bilmədin. Buna əsas səbə nə oldu?
– Başqa şeydə səbəb axtarmaq lazım deyil. Problem özümdədi. Yəqin zəif çıxış etmişəm və heyətdə möhkəmlənə bilməmişəm.
– Özünü göstərmək üçün sənə lazımınca şans verildimi?
– Müəyyən qədər şans verildi. Şans verilmədiyini desəm, yalan olar. Son illər az oynadım. Amma ilk vaxtlar, “Neftçi”dən yeni gələndə demək olar, hər matçda meydana çıxırdım. Səhvi özümdə axtarıram.
– Vüqar Nadirov komandadan ayrılanda sənin haqqınızda bəzi söz-söhbətlər oldu. Başlıca qabardılan məsələ də baş məşqçi Qurban Qurbanovun bacısı oğlu olmağındı. Səncə, komandadan ayrılmağında bu amili həlledici məqam adlandırmaq olarmı?
– Xeyr, mən belə düşünmürəm. Çünki daha öncədən də komandadan ayrılacağımla bağlı bizim aramızda bu barədə söhbət olmuşdu. Düşünmürəm ki, komandadan ayrılmağım məhz qohum olmağımıza görə oldu. Fikrimcə, bu, Qurban bəyin öz seçimidi və əvvəlcədən də mənə deyilmişdi. Burda heç bir problem görmürəm. Biz futbolçuyuq, o məşqçi – istədiyi qərarı verə bilər. Biz də buna hörmətlə yanaşmalıyıq.
– Maraqlıdı ki, neçə illərdi komandada olmağına baxmayaraq, bu məsələ heç vaxt qabardılmamışdı. Ancaq Vüqar Nadriovun gedişindən sonra məsələ gündəmə gəldi və bir neçə gün sonra da sən komandadan göndərilən futbolçulardan biri oldun.
– Neçə ildi deyəndə ki, bu il müqaviləm başa çatdı. Bundan öncə 2 illik, sonra isə 3 illik müqavilə bağlamışdım. Anlaşmam başa çatdı, razılaşa bilmədik. Burda böyüdülməli bir şey yoxdu.
ELMAR ABDULLA-ZADƏ
Shares: