Azərbaycan milli komandasının sabiq hücumçusu, elitanın əksər iddialı klublarının şərəfini qorumuş Kənan Kərimovun futbolinfo.az saytına müsahibəsi:
– Bir müddət “Qəbələ”də köməkçi-məşqçi işləsəniz də, sonradan kənara çəkildiniz. Hazırda karyeranızda hansı yenilik var?
– Bir müddət Bakıda yaşadım. Hazırda Yevlaxdayam. Yevlaxda olmağım uşaqların təhsili ilə bağlıdır. Övladlarımın hər biri məktəbə gedir. Ona görə də onların yanındayam. 
– Bakıda olduğunuz müddətdə Topaz məntəqəsi işlədirdiniz. Onun axırı necə oldu?
– Oranı təhvil verdim. Bizə aid olan işlər deyil. Hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək.
– 20 ilə yaxın elita təcrübəniz olsa da, hazırda işsizsiz. Bunun səbəbi nədi?
– Kənarda qalmağımın səbəbini konkret bilmirəm. Mənimlə birgə oynayan çox sayda futbolçu hazırda kənarda qalır. Düşünürəm ki, indi mütəmadi  işləmək üçün ya gərək adamın ola, ya da kiməsə yalvarasan. Bunların heç biri məndə yoxdur. Amma Allahdan  ümidimi üzmürəm. Yaxşı olmalıdı. 
– Sözsünüzdən belə çıxır ki, hazırda çalışanlar sırf adam və yalvarmaq hesabına çalışırlar?
– Əlbəttə ki, sözlərim hər kəsə şamil olunmur. Öz savadı, bacarığı hesabına işləyənlərimiz də az deyil. Şans məsələsi də önəmlidi. Amma sırf dediyim məqamlara görə işləyənlər də az deyil.
– Vaxtilə çıxış etdiyiniz hətta kapitan olduğunuz “Qarabağ” və “Qəbələ” yaxşı qrafik cızıb, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar. Bu barədə düşüncələriniz necədi?
– Hər bir azərbaycanlı kimi qeydə alınan nəticələr məni də sevindirir. Üstəlik, qeyd etdiyiniz kimi hər iki komandada oynamışam, kapitan olmuşam. Hər iki klubun çörəyini yemişəm. Onların qazandığı nəticələr Azərbaycan futbolunu irəli aparır. Hər iki komandama uğurlar arzu edirəm.
– Sizcə, komandalar qrup mərhələsində nəyə nail ola bilərlər?
– Bu mərhələyə qədər gəlib çıxmaq özü bir uğurdur. Avropa Liqasının qrup mərhələsi  böyük bir təcrübədir. “Qəbələ” ilk oyunda xal qazana bildi. Arzu edirik ki, “Qarabağ” da bu işi gələn oyunda həyata keçirsin. Düzdür, güclü rəqiblərlə eyni qrupdayıq. İndi durub deyə bilmərəm ki, biz qrupu keçməliyik. Sadəcə, hər iki komandanın layiqli şəkildə mübarizə aparacını düşünürəm.
– Sizinlə danışırıqsa,  komandaların hücum potensialını da müzakirə edə bilərik. Sizcə, hansı komanda hücumda daha kəsərlidir?
– Məncə, “Qarabağ” bu baxımdan “Qəbələ”ni üstələyir. “Qarabağ”ın hücumçularını daha çox bəyənirəm. Təkcə Reynaldonun adını çəkmək yetərlidir. Reynaldo istənilən komandada oynaya bilər. Hər iki komandanın daxili çempionatda da şaxları yüksəkdir. “Qəbələ” və “Qarabağ” qızıl medallar uğrunda mübarizə aparacaqlar. Çempionat yeni başlasa da, bunu demək mümkündür. “Qəbələ” və “Qarabağ” həm heyət, həm də maddi məsələ baxımından rəqiblərini üstələyir. Əlavə edim ki, çempionatda aşkar autsayder yoxdu. Hər bir komanda gözlənilməz nəticəyə imza ata bilər. 
TİMUÇİN
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp