"Qəbələ" Futbol Akademiyasının direktoru Stenli Brardın dəvəti ilə Qəbələdə səfərdə olan hollandiyalı mütəxəssis Vim Yansen akademiyanın məşqçi heyətinə seminar keçib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsindən məlumat yayılıb.
Mənbədə bildirilir ki, seminarın birinci hissəsində Yansen Hollandiya yığma komandasının sistemi və bu sistemin necə hazırkı səviyyəyə çatması barədə danışıb.
 
İkinci hissədə isə məşqçilər futbolda inkişaf imkanları, fərdi bacarığın inkişafı, futbolçuların və məşqçilərin öz üzərlərində işləmək yolları barədə məlumatlandırılıb. Seminarın sonunda akademiya məşqçisi Famil Xəlilov təqdimata və dəyərli məlumatlara görə Vim Yansenə təşəkkürünü bildirib.
Qeyd edək ki, Yansen futbolçu karyerası ərzində "Feyenoord", "Vaşinqton Diplomats" və "Ayaks" kimi klubların formasını geyinib. 65 dəfə Hollandiya milli komandasının heyətində meydançaya çıxan Yansen 1974 və 1978 dünya çempionatlarının final mərhələsinin iştirakçısıdı. Yansen baş məşqçi kimi "Feyenoord", "Seltik" kimi komandaları çalışdırıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp