“Qarabağ” Avropa Liqasının 2-ci turu çərçivəsində növbəti oyununu Belçika “Anderlext”inə qarşı keçirəcək. Oktyabrın ilk günündə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 22:00-da start götürəcək. Belədə, oyunu stadiondan izləyəcək futbolsevərlər gecə yarısı evə qayıtmalı olacaqlar ki, bu da onlara nəqliyyatla bağlı ciddi problemlər yaşadacaq.
Qarşılaşmanı daha ertə vaxta salmaq mümkün deyildimi? Futbolinfo.az bu sualla Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova müraciət etdi: “Xeyr, bunu həyata keçirməyimiz mümkün deyil. UEFA 4 ölkə – Azərbaycan, Belarus, Rusiya və Qazaxıstana 1 ev qarşılaşmasını daha ertə keçirməyə icazə verib. Biz də Fransa “Monako”su ilə matçımızı saat 20:00-da başlayacağıq”.
Avropa Liqasının digər iştirakçısı olan “Qəbələ” qrup mərhələsinin ilk turunda qəbul etdiyi Yunanıstan PAOK-uyla matçın 22:00-da başlamasını göz önünə alaraq, Bakı Metropoliteninə ənənəvi olaraq, 00:00-da bağlanmaması üçün müraciət etmişdi və futbolsevərlər “Bakcell Arena”dakı matç başa çatdıqdan sonra rahat şəkildə evlərinə gedə bilmişdi. Bəs “Qarabağ” necə, analoji addımı atmağı planlaşdırırmı? Həmsöhbətimiz məsələnin müsbət həll olunacağını bildirdi: “Artıq Bakı Metropoliteninin rəhbərliyinə müraciət ünvanlamışıq. Məsələ müsbət həllini tapıb. Oyun başa çatdıqdan sonra futbolsevərlər metroyla rahat şəkildə evlərinə yollana biləcəklər”.
Nəzərə alsaq ki, “Qəbələ” PAOK-la görüşə yalnız sayılı saatlar qalmış Metropoliten rəhbərliyinə müraciət etmişdi və bu səbəbdən də tribunaların müəyyən hissəsi boş qalmışdı, ağdamlıların daha erkən tərpənməsi alqışalayiqdi. Fanatların böyük ölçüdə nəqliyyat probelmini həll edən “Qarabağ” Belçika təmsilçisi ilə görüşdə anşlaqa ümid edə bilər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp