Bu gün Topaz Premyer Liqasında VII tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki,  "Qəbələ" öz meydanında "Xəzər Lənkəran"ı 6:0 hesabı ilə məğlub edib. 
Matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk qalibiyyəti belə şərh edib:
“Azarkeşsiz bayram olmur. Biz istərdik ki, oyunlarımıza çox azarkeş gəlsin. Oyunun nəticəsi öz yerində. Bu gün bizə dəstək olan hər kəsə “çox sağ ol” deyirəm. Əslində, azarkeş sayının az olmasına görə ruh düşkünlüyü yaşamırıq. Biz elə oynamalıyıq ki, azarkeşlərin stadiona gəlməməsi mümkünsüz olsun. 2 gün öncə oyuna çıxmışdıq. Ağır oyundan sonra futbolçuların belə hərəkətli olması onu göstərir ki, düz yoldayıq. İndi milli komandanın oyunları ilə əlaqədar olaraq, fasilə yaranır. Bundan maksimum yararlanmalıyıq. Açığı, statistika ilə maraqlanmıram. Erkən qol oldu, hesab 6-0 oldu və digər məsələlər məni maraqlandırmır. Əvvəl olanların bu gün üçün əhəmiyyəti yoxdur. Bu gün qələbə qazanmaq lazım idi və biz bunu etdik. Böyükhesablı qələbə özünəinam hissini artırır. Düşünürəm ki, futbolçu heç vaxt arxayınlaşmamalıdır. Hücumçu imkanlardan maksimum yararlanmalıdır və imkan varsa, dayanmamalı, qollar vurmalısan”. 
Ukraynalı mütəxəssis "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun penalti ilə bağlı məlum qərarına da münasibət bildirib: “Mənim Qurbana çox böyük hörmətim var. Onunla danışmışam, çox peşəkar insandır. Belə addım atması onu lap yüksəklərə qaldırır. Bunu hakimlərə hörmətsizlik kimi yox, futbol adına böyük hadisə kimi qəbul etmək lazımdır. Bu barədə hətta Avropada danışacaqlar. “Qarabağ” kimi komandaya və belə məşqçiyə heç kimin köməyi lazım deyil. Eləcə də bizə. Sadəcə, düzgünlük olsun və biz işimizin bəhrəsini meydançada görək”. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp