Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində baş tutan “İnter” –“Qarabağ” matçındakı məşhur vurulmayan penalti məsələsi Rusiyanın nüfuzlu “Sport-Ekspress” (“S-E”) nəşrinin də diqqətini çəkib. Futbolinfo.az xəbər verir ki, şimallılar həmin epizoddan bəhs edərkən, Elvin Məmmədovu tanımayıblar.
“Sport-Ekspress”in qısa icmalını təqdim edirik: “Hakim səhvən penalti təyin edib. “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana  “fair-play” nümunəsi göstərərək, bilərəkdən “nöqtə”dən endirdiyi zərbəni qapının üstündən vurub”.
Maraqlıdı ki, həmin epizodun videogörüntüsünü təqdim edən “S-E” gözucu da olsa özü epizodu izləməyə ehtiyac duymayıb. Çünki: 1) Zərbəni endirən 10 nömrəli Kinata yox, 11 nömrəli Elvin Məmmədovdu; 2) Top qapının üstündən yox, yanından keçib.
Ancaq ruslardan fərqli olaraq, Böyük Britaniya mətbuatı məsələni ən yüksək səviyyədə şərh edib. Məşhur “Mirror” nəşrinin təqdim etdiyi reportaj “Qarabağ” adını daha da ucaldıb. “Dumanlı Albion” nəşri Ağdam təmsilçisinin etdiyi jesti “futbolun ən nəcib addımı” adlandırıblar.
“Mirror”dan olan həmkarlarımız bilərəkdən vurulmayan penaltinin qarşılığı olaraq, Azərbaycan çemionunun İlahi dəyərləndirilməsini də vurğulayıblar: “Futbol meydanında bu möhtəşəm jest ən yüksək səviyyədə tərifə layiqdi. Avropa Liqasında “Tottenhem”in rəqiblərindən olan “Qarabağ” Azərbaycan çempionatında hakimin təyin etdiyi və rəqib komanda – “İnter”in futbolçularının böyük etirazına səbəb olan penaltini qola çevirməkdən imtina edib. “İnter”in futbolçuları kəskin etiraz etsələr də, oyunun baş hakimi qərarını dəyişməyib. Ancaq penaltini qazanan futbolçu özü etiraf edib ki, qapıçı əvvəlcə topa toxunub, daha sonra isə o, qolkiperin ayağına ilişib. Hətta bundan sonra da referi qərarını dəyişməyib. Bunun qarşılığı olaraq, “Qarabağ” penaltini bilərəkdən qapıdan kənara vurub. Komandanın bu addımı hər iki tərəfin azarkeşləri tərəfindən alqışla qarşılanıb. 
Sən demə nəcib hərəkətlər İlahi tərəfindən də yüksək dəyərləndirilir. Çünki bundan cəmi bir neçə dəqiqə sonra “Qarabağ” daha bir qol vuraraq, 2:0 hesabı ilə qələbə qazanıb. Bu da komandanın ölkə çempionatındakı lider mövqeyini möhkəmləndirməyə bir qədər də təkan verib”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp