Sabah Avropa Çempionatının seçmə oyunları çərçivəsində Azərbaycan millisi İtaliyanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, İtaliyalı mәşhur futbol mütəxəssisi, 2002-ci ildә ölkəsinin yığma komandasını çalışdırarkən Azәrbaycan millisini Bakıda 2:0 hesabı ilә mәğlub edәn Covanni Trapattoni də paytaxtımıza təçrif buyurub. O, komandalar oyunöncəsi məşqlərini edərkən jurnalistlərin suallarını cavablandırıb:
– Kapitanımız Rəşad Sadıqov dedi ki, 2002-ci ildə sizin rəhbərlik etdiyiniz İtaliya millisində daha çox ulduz futbolçu var idi. Bununla razısınızmı?
– Arada 13 il fərq var. Nəsillər, oyun tərzləri artıq çox dəyişib. Bunu müqayisə etmək mənim üçün çox çətindi. Biz o zaman da son turda Azərbaycanı məğlub edib, Avropa Çempionatına yollanmışdıq, bu dəfə də sizi üstələsək, qitə turnirinin final mərhələsinə qatılacağıq. Fərqi yoxdu, hər iki oyundakı qələbənin məqsədi eynidi. Kontenin komandası da çox yaxşıdı. Getdikcə, güclənir. 
– İtaliya və Azərbaycan arasında 3 saat fərq var. Sizcə, bu oyunda təsirini göstərəcək?
– Mən çox ölkədə olmuşam hansı ki, İtaliya ilə arasında 7-8 saat fərq var. Bu, o zaman öz təsirini göstərir ki, uzun müddət burda qalırsan. 
– Sizcə, millimiz İtaliyaya nə kimi çətinlik törədə bilər?
– Hazırda Azərbaycanda legioner futbolçular çoxdu. Buna görə də komandanız güclənib, inkişaf edib. Azərbaycanın qrupda xalı azdı və onlar İtaliya kimi rəqibə qarşı daha yaxşı köklənəcək. 
– Millimizin kapitanı Rəşad Sadıqov yığmada 100-cu, sizin komandanın kapitanı Canluicci Buffon isə 150-ci görüşünə çıxacaq. Bu haqda fikirlərinizi bilmək maraqlı olardı…
– Rəşadı 100-cü oyuna görə təbrik edirəm. Buffon isə hamıya örnəkdi.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp