Bu gün Bakı Biznes Mərkəzində “Neftçi” kubunun “Asan Xidmət”lə yeni sponsor müqaviləsi imzalanıb. Mərasim başa çatdıqdan sonra paytaxt klubunun Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev jurnalistlərin suallarına cavab verib:
– Yeni müqavilə ilə bağlı fikirləriniz bilmək maraqlı olardı. Şərtlər necə olacaq?
– Hər şey müqavilə şəklində çap olunacaq. Amma bəzi saytların yazdığı kimi bizə 10 milyon manat ödənilməyəcək. 
– Necə oldu ki, Fərhad Bədəlbəylinin Müşahidə Şurasına üzv seçilməsi qərarını verdiniz?
– Mən Fərhad bəyi uşaqlıqdan tanıyıram, elə o zamandan futbolu sevir. O hazırda rektordu, cavanlarla daimi ünsiyyətdədi. Siz hələ o zaman doğulmamışdınız, Fərhad bəy 1968-ci ildə 1-ci yerə çıxanda Lissabonda məşhur portuqaliyalı futbolçu Eysebio ilə görüşmüşdü. O vaxtlar Polad Bülbüloğlu, Müslüm Maqomayev, Leonid Uanşteyn, Fərhad Bədəlbəyli futbol oynayanda mənə icazə vermirdilər, deyirdilər, “sən balacasan, get, top saxla” (gülür). 
– Musiqi akademiyasının tələbələrinin “Neftçi”nin oyunlarına gələcəyini gözləmək olarmı?
– Bəli, olar.
– Məcburi, yoxsa könüllü gələcəklər?
– Xeyr, məcburi gələcəklərinə inanmıram. Niyə futbol veteran Əsgər Abdullayev barəsində də sual vermirsiniz? İndi soyadımızın eyni olduğuna görə deyəcəksiniz ki, qohumuq. Xeyr, elə deyil. 
– Sizcə, Əsgər Abdullayev “Neftçi”də Müşahidə Şurasının üzvü kimi, yoxsa baş məşqçi kimi daha faydalı olar?
– Hələlik Müşahidə Şurasının üzvüdü. Bizim baş məşqçimiz var və onu dəyişməyi düşünmürük. 
– Bağlanılan müqavilənin neçə illik olduğunu demədiniz…
– Hələ ki, 3 illikdi. Amma çox olacaq. Bu, hər iki tərəf üçün səmərəlidi. Belə olan halda hər iki tərəfin nüfuzu qalxır. Bu qədər hadisələr bir yana, əsas məsələ odu ki, “Neftçi”nin qələbələri olmalıdı. Düzdü, biz gələcəyin komandasını hazırlayırıq. Amma “Neftçi” 5-6-cı yerlərdə getməməlidi. Bu, mənim fikrimdi. Fikrimcə, hər oyunda qələbə qazanmalıyıq. Bütün matçlarda rəqiblər “Neftçi”yə qarşı xüsusi hazırlaşır, onları da başa düşürəm. 
– Tədbirdə hakimlərlə bağlı göstərilən kompazisiya onlara bir mesaj idi?
– Xeyir, bu pantamima idi. Xatırlayırsınızsa, “Qarabağ”la oyunda penalti olmadığını bildirmişdim. Biz heç vaxt hakimlərlə bağlı danışmamışıq və danışmarıq da. 
– “Zirə” ilə son qarşılaşmanı stadiondan izləmədiniz və komanda məğlub oldu. Sizə elə gəlmirmi ki, artıq “Neftçi”ni məğlub etmək “Asan Xidmət”dən şəxsiyyət vəsiqəsi almaq kimi asandı?
– Xeyr, belə hesab etmirəm. Həmin gün AFFA-nın vitse-prezidenti, yaxın dostum Elşad Nəsirovun ad günü idi. Mən həmin məclisdə “tamada” idim. Məclisi yarımçıq qoyub gəlmək istəmədim. Biz 49 ildi onunla dostuq. Buna baxmayaraq, bütün oyunlara gəlməyə çalışıram. Jurnalisti təhqir etmək istəmirəm, amma bir dəfə haqqımda yazılmışdı ki, mən guya küsüb oyunlara gəlmirəm. Mən kimdən küsə bilərəm? Klubun sədriyəm. İşlədiyiniz saytların redaktoru redaksiyasından küsüb işə gəlməyə bilər? Bu, çox gülməlidi. Mən Avstriyada da, Türkiyədə də komandanı ziyarət etmişəm. Gəlməmişəmsə, demək işim çoxdu. Hətta kitab mağazalarında da 5 aydı məndən yeni kitablar tələb edirlər. Hər oyuna getməyə çalışıram, eləcə də sabahkı qarşılaşmaya.
 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp