Başqası ola da bilməzdi. Nə “Rəvan” rəhbərliyinin “dünyagörüşü” ondan daha yaxşısını təyin etməyə çatardı, nə bu cür komandaya ondan daha çox yaraşan biri var idi. Su axar çuxurun tapar…
 
Yalnız Vladislav Qədirovla Ramil Əliyevin təyinatına təəccüblənməzdik. Başqa kimin adı çəkilsə, sensasiya sayılardı. Ən gözlənilən isə bu məşqçilərlə müqayisədə daha populyar olan, “Rəvan”a “girib-çıxmış”, “ilişib orda qalmış”, nə bilim neçənci dəfə superəvəzedici rolunu oynayacaq Bəhmən Həsənov idi. Nuru Əlyev də onu seçdi: bir çayda lazım gəlsə, 10 dəfə çimmək bacarığına malik olan, UEFA-nın keçirdiyi məşqçi kurslarında xoruzu qoltuğuna verilən “vunderkindi”. Hər hinin öz ban xoruzu olmalıdı…
 
“Rəvan”da klub ənənəsi var. Məşqçiyə yaxşı günlərdə dəstək olurlar, vəd verirlər, işlər yaxşı gedirsə, hamı qəhrəmandı, büdrəmə olan kimi hansısa futbolçular yola salınır, sonda da baş məşqçini topun ağzına qoyurlar. Ardınca komandanın hər gün bir vəzifədə olan rəsmisi Füzuli Əliyevin rəhbəri olduğu “əməliyyat dəstəsi” tikilən torbanın ağzını bağlayıb kandara qoyur, qızıl məcməidə təzə planı rəhbərliyə təqdim edirlər. Adətən də məcməinin içindən Bəhmən çıxır. Bu dəstə elə adamları yola salıb ki, Emin Quliyev onların arasında xırda balıq idi. Könlü balıq istəyənin quyruğu suda olsun gərək…
 
Beləliklə, əməliyyat bitdi, Emin Quıiyev qovuldu. Bəli, istefaya getmədi, göndərilmədi, qovuldu. Rəhbərliyin növbəti ənənəvi gecə yığıncağından sonra gənc məşqçini yola salmaq məsləhət bilindi. Həsənovun sələfi oyunsonrası mətbuat konfransında bir dəfə də “istefa” sözünü dilə gətirmədi, həmişə futbolçulardan gileyləndi, heç vaxt öz səhvlərini qabartmadı, ən sonda “söz verilən oyunçuları almadılar” deməklə klubun sahibi Nuru Əliyevi hədəf göstərdi və qovulması üçün kimlərəsə əsas verdi. Hamısını düz deyirdi, ancaq vəziyyətin düzəlmədiyini görüb vaxtında, daha abırla getmək mümkün idi. Arxadan atılan daş topuğa dəyər…
 
Baş məşqçi karyerası 8 oyundan ibarət olan Emin debüt dövründə cəmi 2 xal qazandı, amma məşqçi gündəliyinə elə xallar düşdü ki, onu təmizləmək üçün illər lazım olacaq. Bakı klubunun ən pis debütü, ən az xal yığdığı dövr də onun adına yazıldı. Eyni zamanda bütün dövrlərin ən zəif heyətli “Rəvan”ı, ən bərbad oynayan komandası da onun payına düşdü. Dərd də gələndə batmanla gəlir…
 
Bu qovulmaya, əvəzetməyə “Kəpəz”lə oyun səbəb olmadı. Gəncəlilərlə görüş sadəcə, son akkord idi. AZAL-la oyunda mətbuat konfransına getməyib cərimələnmək, futbolçularla daimi gərgin münasibət, onlarla yola getməmək, köməkçisi Rövşən Babayevin özünü ağa kimi aparmasına göz yummaq – bunlar 8 oyundu yığılan problemlər idi. Bunun üzərinə rəhbərliyin laqeydliyini, maddi problemləri gələndə nəticə belə də olmalıydı. Görünən kəndə bələdçi lazım deyil…
 
İndi Həsənov dönəmi naşlayır. Ciddi heç nə dəyişməyəcək. Uzağı qışa kimi işləyəcək və 5-6 xal qazanacaq. Daha sonra necə olacağı klub rəhbərliyinin əhval-ruhiyyəsindən asılıdı – klub dağıla, eyni zamanda daha güclü ola bilər. Ümid edək o vaxt Nuru Əliyevin kefi saz, AFFA rəhbərliyi ilə münasibəti yaxşı olacaq. Amma bir klub ki, əhval-ruhiyyə ilə idarə olunur, elə onun məşqçisi Bəhmən, yeri son pillə olmalıdı. Quyuya su tökməklə quyu olmaz, gərək bulaq aşağıdan qaynasın…
 
AĞA 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp