Yadıma bir köhnə reklam çarxı düşdü. Xatırladım və sonra əlaqələndirici qüvvəsini ortaya qoyum. Kiçik dialoqla kifayətlənəcəm.
– Demişdim, Uruqvay yağı?
– Demişdin, bala, demişdin!
“Neftçi” rəhbərliyində məlum dəyişikliklərdən sonra klubun yeni inkişaf mərhələsinə qədəm qoyacağı iddia olundu. Qoçuluq, təzyiq metodları yoluyla qazanılan uğurların arxaik olduğu iddia olundu və əslində bu, tamamilə düzgün yanaşma idi. Sivilizasiya XXI əsrdə top-tüfəngi yeri qoyub, mədəniyyətə sığınır…
Mən də yeni rəhbərliyin gəlişindən sonra verdiyi vədləri əlimdə rəhbər tutmaq qərarına gəlmişəm. Xatırlayaq və xatırladaq: 
1) Klubun büdcəsi şəffaf olacaq və hər kəs il ərzində nəzərdə tutulan vəsaitdən agah olunacaq
2) Klub açıq səhmdar cəmiyyətə çevriləcək
Kiminsə “Neftçi”nin büdcəsindən xəbəri var? Olması üçün səsləndirilməli idi. Amma bunu bilmirik. Bu üzdən də kimisi deyir ölkədə 3-cü büdcəyə sahibdilər, kimisi deyir, nəyə görə “köhnə qvardiya” ilə vidalaşdılar. Hər şey də “yeddi qıfıl arxasında” saxlanılan büdcədən qaynaqlanır. Konkret büdcə səsləndirilsə, vəsaitin hansı istiqamətdə xərcləndiyi göstərilsə, şəffaf işin aparılması barədə faktlar ortaya qoyulsa, söz-söhbətlər də səngiyər, uğursuzluğun səbəbləri də üzə çıxar. 
Daha bir məqam, futbolçularla imzalanan müqavilələrlə bağlıdı. Şərtlərin, xüsusilə maddi tərəflərinin gizli saxlanılması nə üçündü? Məsələn, sıravi azarkeş üçün olduqca maraqlıdı, Flavinyo ildə hansı məvacibi alırdı və onun həmyerlisi Ayltona nə qədər pul verilir. Necə deyərlər, “ən böyük biclik – düzlükdü”. Şəffaf büdcə, müqavilə şərtləri, digər məsrəflər bəlli olduqdan sonra hər şey aydınlaşacaq. İlk növbədə əsas suala aydınlıq gələcək: həqiqətən “Neftçi” mövcud büdcəylə fiaskoya məhrum idi, yoxsa başqa problemlər var. Bu sualın cavabı bəlli olduqdan sonra və məlum olsa ki, büdcə normaldı, növbəti suallara cavab axtarmağa dəyər. Söhbət uğursuzluğun səbəblərindən gedir. İttiham oluna biləcək klubun 3 qolu var: məşqçilər heyəti, Müşahidə Şurası, İcraçı Direktor. Ancaq necə deyərlər, “bütün yollar Romaya aparır”. Büdcə açıqlanmalıdı, vəssəlam!
İndi də yuxarıda qaldırdığımız 2-ci məsələylə bağlı fikirlərimizi bölüşək. Açıq səhmdar cəmiyyəti ilk növbədə klubun səhmələrinə sıravi vətəndaşların sahib olmaq şansını yaradır. Belədə, həm klub gəlir əldə edir, həm də azarkeşləri ilə körpü yaradır. Təəssüf ki, rəhbərliyə yeni gələrkən, Müşahidə Şurasının sədri Çingiz Abdullayev bəhs etdiyi ASC vədinə hələ də əməl etməyib. Bu da həm özünün, həm də bütövlükdə rəhbərlikdə yer alan şəxslərin imicinə zərbə vurur. Düşnmək zamanıdı, cənablar, düşünmək və adekvat qərarlar vermək.
Vəssəlam, bizdən demək və eşitdirmək. Stolüstü tennisdəki kimi, biz şarı “Neftçi” tərəfə göndərdik. Atəşi, basqını üzərlərindən çəkmək istəyirlərsə, mütləq bu iki məqamı “müalicə” etməlidirlər.
Yazını başladığım reklam çarxının müəlliflərinin aqibətini xatırlatmaqla, bitirmək istəyirəm. Bir neçə ay bu reklam getdikdən sonra, üzə çıxdı ki, həmin yağlar Uruqvaydan gətirilmir, Bakı sexlərinin birində istehsal olunur. Şirkət rəhbərliyi həbs olundu və “Uruqvay yağı” tarixin yaddaşına köçdü. “Neftçi” rəhbərliyi “Uruqvay yağı” olmaq istəmirsə, büdcəsini şəffaf etməli və açıq səhmdar cəmiyyət olmalıdı.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp