Topaz Premyer Liqasının 13-cü turunda AZAL klubunu qəbul edəcək “İnter”də problemlər yetərincədir. Futbolinfo.az saytının məlumatına görə, hücumçu Limam Seydi “Qəbələ” ilə matçda xəsarət alıb və onun ən azından 10 gün sonra məşqlərə başlayacağı ehtimal olunur. 
Digər zədəli isə daha ciddi problemdir. Komandanın aparıcı oyunçusu Nika Kvekveskiri hazırda klubun düşərgəsində deyil. Vətəni Gürcüstanda olan yarımmüdafiəçinin zədəsinin nə qədər ciddi olub-olmadığı isə növbəti müayinədən sonra məlum olacaq. Maestronun ən azından növbəti oyunu buraxacağı dəqiqdir. Onun həmyerlisi Laşa Sulukvadzenin də ayağında ağrılar var. Müdafiəçinin vəziyyətinə yaxın günlərdə aydınlıq gələcək. 
Yarımmüdafiəçi Elnur Abdullayevin də hazırkı vəziyyəti məşq edəcək səviyyədə deyil. Adıçəkilənlərdən başqa, “bankirlər”in heyətində Rauf Əliyev, Mirhüseyn Seyidov, İvan Benitez də zədədən əziyyət çəkir. 
Bütün bu problemlərin fonunda sevindirici xəbər də var. Belə ki, Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Əmircanov uzun fasilədən sonra oynamağa tam hazırdır. Təsadüfi deyil ki, futbolçu 2 gün öncə “Zirə”yə qarşı yoxlama görüşündə 45 dəqiqə forma geyinib.
Qeyd edək ki, “İnter” – AZAL oyunu noyabrın 23-ü, saat 17:00-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp