Xəzər dənizində baş verən faciəyə reaksiya göstərməli, dünyasını dəyişənlərin xatirəsini yad etməli olan insanlar ilk növbədə futbol təsərrüfatımızda çalışanlardı. Çünki bu ölkədə futbol yaşayırsa, bunun səbəbkarı həyatını təhlükə altında qoyub çalışan fədakar neftçilərimizdi.
 
Düzdü, böyük anlamda bütün ölkənin taleyi elə neftdən asılıdı. Amma biz futboldan danışır və yazırıqsa, bu məqama biganə qala bilmərik.
 
Artıq Peşəkar Futbol Liqası “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində elan olunan matəmə biganə qalmayıb. Bununla əlaqədar olaraq, Topaz Premyer Liqasının XV turunun bütün oyunlarında futbolçular meydançaya qara sarğı ilə çıxacaq, matçlardan öncə 1 dəqiqəlik sükut elan olunacaq.
 
Neftçilərin adını daşıyan komanda – “Neftçi” də bir sıra addımlar atmaq istəyir. Yəqin ki, “Zirə”ylə bugünkü oyunda tribunalarda məlum hadisələrlə bağlı plakatlara rast gələcəyik. 32 nəfərin xilas, 1 nəfərin həlak olduğu dəqiqləşən, 30 nəfərin itkin düşdüyü qəzayla bağlı klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov bir foto paylaşıb. Bu şəkil komandanın paltardəyişmə otağında, matçdan öncəki hazırlıq zamanı çəkilib. Futbolçuların hamısının bu faciəni başa düşməsi üçün belə addımlar vacibdi. Ümid edirik, oyundan sonra müsahibə, açıqlama verərkən də onlar bu məqamı unutmayacaq, dünyasını dəyişənləri hörmətlə anacaqlar.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp