O ki var güldüm ha. İsraillə səfərdə heç-heçə edib, AFFA-dan bir eşşək yükü qədər pul alan milli üzvlərindən sonra verilən pulun 12 min manatının geri alındığını eşidəndə qəşş edənə qədər güldüm. Elə bu cümlələri də yazanda gülməkdən özümü saxlaya bilmirəm. İntəhası, komputer texnologiyası o qədər inkişaf etməyib ki, necə güldüyümü göstərə bilim. Amma sizə təsəvvür yaratmaq üçün ipucu verə bilərəm. PFL-in prezidenti Ramin Musayev hər dəfə mətbuat konfranslarında jurnalistlərin suallarına cavab verəndə əlini-əlinə vurub, ürəkdən gülür ha, bax, o fason gülürəm: içdən, gözlərim yaşarana qədər.
Ay Allah evinizi tiksin (elə Allah tiksə yaxşıdı, bizim şirkətlər yöndəmli ev tikə bilmirlər), bu puluverməyiniz nə idi, sonra «12 minini düş bəri» deməyiniz nə idi? Əvvəldən o pulub başından 12 min manat kəsib verə bilməzdizmi? Bundan sonra milli formanı əyninə geyinib, vətən, millət uğrunda yaşıl meydanda canını fəda edən hansı futbolçu sizə inanar? Kim zəmanət verə bilər ki, bundan sonra verəcəyiniz pul mükafatlarını da sonradan zəng edib geri istəməyəcəksiz? Heç olmasa pulun bir qismini geri tələb etməyinizin səbəblərini deyərdiz də. Bizim futbolçular çox anlayışlı, ürəyiaçıq, genişqəlblidilər, sizi başa düşərdilər.
Axı niyə çıxıb açıqlama vermirsiz ki, milli komandanın üzvlərindən sonradan geri alınan pulların bir qismi uşaq evlərindən birinə bağışlanıb?
Niyə AFFA-nın baş katibi Elxan Məmmədov çıxıb demir ki, futbolçuların qapazlayıb əllərindən aldıqları pulun bir qismini də kimsəsiz qocalar evinin balansına köçürüblər?
O sizin əlinizdən alınan pul var ha, futbolçu qardaşlar, o pulun bir hissəsi də qan çatışmazlığından əziyyət çəkən xəstələrə verilib.
Yerdə bir az pul qalıbmış. Elxan Məmmədovla şəxsi mətbuat katibi Mikayıl Nərimanoğlu oturub baş sındırırmışlar ki, ey ilahi, ey pərvərdigar, bu pulu kimə verək, hansı kimsəsizin, əlacsızın könlünü xoş edək ki, sənə xoş getsin. Elə bu vaxt Nərimanoğlu stulu kənara itələyib, yerindən hoppanıb və qışqırıb: «Evrika!». Təbii, Ramin Musayev olsa, Nərimanoğluna tərs-tərs baxıb, «əə, bajoğlu, adam dilində danış görək nə demək istəyirsən» deyərdi. Ancaq baş katibin intellektual səviyyəsi futbolumuzun səviyyəsi ilə bir olduğundan, çətinlik çəkmədən başa düşüb ki, «evrika» nə deməkdi. Ona görə də sakitcə deyib «Maykl, ürəyimizi üzmə, de görək bu pulu nə edək?». Nərimanoğlu da qımışıb, qımışıb, qımışıb… Və deyib: «Elxan məllim, gəlin bu pulu da xərçəng xəstəliyindən əziyyət çəkən insanlara bəxş edək». Baş katib yerindən qalxıb və «halal olsun,Maykl» deyib.
Bax, hal-qəziyyə belə olub. AFFA rəhbərliyinin səhvi ondadı ki, futbolçuların əllərindən aldıqları pulu hansı istiqamətlərə yönəltdiklərini ictimaiyyətə açıqlamırlar. Azərbaycan insanın düşüncələri də dəvəsini itirən ərəbin düşüncələri kimi olur belə məsələlərdə: ağlına min cürə fikir gəlir.
«Tak çto», qardaşlar, yoldaşlar, çıxın meydana, futbolunuzu oynayın, qələbənizi qazanın, pulu düşünməyin. Əmin olun ki, AFFA sizi qapazlayıb əlinizdən aldığı o pulları pis-pis işlərə xərcləmir, konkret kimlərinsə cibinə getmir o pullar. Xalqın ac, kimsəsiz kəsiminə xərclənir. Axı siz də xalqı düşünürsüz, vətən uğunda mübarizə aparırsız futbol meydanlarında, elə deyil?
İntəhası, işdi-şayəd, millimiz yenə kimisə udsa, bu dəfə futbolçulara verilən pul mükafatlarını onların əlindən almaq lazım deyil daha. Bu yazıdan sonra onlar özləri «atışıb» kimsəsizlərə, xəstələrə, uşaq evlərinə yardım edəcəklər.