Son aylarda futbol ictimaiyyətində, mətbuatda sevinclə qarşılanan bir məqam xüsusi diqqətimi çəkir. Az qala hər kəs intizarla futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun ilin sonunda millidən getməsini gözləyir.
 
Zarafat deyil, almaniyalı qoca 6 ildi Azərbaycandadı. Bəlkə də çoxları vaxtilə keçmiş Avropa çempionunun ölkəmizə gəlişindən sonra böyük möcüzələrə ümid edirdi. Amma illər keçdikcə o möcüzələrin gerçəkləşmədiyini görənlər mümkün qədər tez bir zamanda Foqtsun yığmamızdan qovulmasını arzulamağa başladı. Ötən tsikldən başlayaraq bu mütəxəssisə qarşı etirazlar həm azarkeşlər, həm onu qısqanıb-qısqanmayan məşqçilər, həm də mətbuat səviyyəsində ən üst həddə çatıb.
 
Məhz bu təzyiqlərin, etirazların, az qala millinin hər oyununda eşidilən “istefa” şüarlarının məntiqi nəticəsi kimi artıq AFFA da Foqtsu əvvəlki kimi müdafiə etmir. Bir neçə aydı həm federasiya prezidenti Rövnəq Abdullayev, həm də baş katib Elxan Məmmədov tsiklin sonunda almanın yola salınacağını, başqa namizəd axtarışına çıxmağa hazırlaşdıqlarını gizlətmir.
 
AFFA-nın Foqtsdan əvvəlki kimi ikiəlli yapışmaması da başadüşüləndi. Görünür, “yuxardıkarılar” da artıq üçüncü tsikldi ciddi uğur qazana bilməyən mütəxəssislə yolları ayırmağı ən düzgün variant hesab edir. Kim bilir, bəlkə də Rövnəq Abdullayev və komandası onları indiki tənqidlərdən xilas edə biləcək başqa bir mütəxəssis tapıb?
 
Amma bu cür açıqlamalarla futbol başbilənlərimiz gizli bir siyasət də yürüdə bilərlər. Məsələn, məsuliyyəti Foqtsun üzərinə atmaqla özlərini təmizə çıxarmağa çalışmaları mümkündü. Yəni hər kəs bütün günahı yalnız alman məşqçidə görsün və AFFA-nın da nəticələrdən məmnun olmadığını, Foqtsu göndərməyə hazır olduğunu bilsin. Baxmayaraq ki, futbolu təsadüfi uğurlardan ibarət olan ölkənin futbol başbilənlərinin özlərini təmizə çıxarması heç bir halda mümkün deyil.
 
İndi hamının Foqtsun yığmamızdakı karyerasının başa çatacağı günü gözlədiyi bir vaxtda fərqli açıqlamalar eşitməkdəyik. Xüsusilə yığmamızın üzvləri Foqtsun getməsini arzulamaqdılarını deyirlər. Düzdü, milliyə daim çağırılmayan, çağırılsa da, əsas heyətin daimi üzvlərindən olmayan bəzi futbolçular onlar üçün Foqtsun qalıb-qalmamasının, onu kimin əvəzlənməsinin fərq etmədiyini dilə gətirirlər. Baxmayaraq ki, millinin baş məşqçisi ilə bağlı belə etinasız açıqlamalar verən belə oyunçuların səmimiliyi bir qədər şübhə doğurur.
 
Amma yığmanın lider futbolçuları digər həmkarlarından fərqli olaraq, açıq şəkildə Foqtsun yığmamızda qalmasını istədiklərini gizlətmirlər. Buna ən son misal kimi, yığmamızın kapitanı və lideri sayılan Rəşad Sadıqovun Şimali İrlandiya üzərindəki qələbədən sonra dedikləri oldu. “Qarabağ”ın müdafiəçisi açıq şəkildə Foqtsun yığmamızda qalması üçün də əllərindən gələni etdiklərini söylədi.
 
Bəs maraqlıdı, ötən tsikldə 7, bu seçmə mərhələdə 8 xal toplamaqla rekorda imza atan Foqtsun indiki halda yığmamızdan getməsi doğrudan da bizə lazımdımı? Ümumiyyətlə, onu yola salmaqla millimizə daha çox fayda vermiş olarıq, yoxsa saxlamaqla?
 
Milli üzvlərinin özləri yığmada baş məşqçi dəyişikliyinin əleyhinədisə, Foqtsla yola davam etməkdə maraqlıdılarsa, AFFA-nın indiyə qədər üzləşdiyi təzyiq qarşısında onun yola salması birmənalı qarşılanmayacaq. Ən azı ona görə ki, Foqts getsə, onu əvəzləyəcək ya yerli, ya da əcnəbi mütəxəssis öz komandasını, heyətini formalaşdırmağa çalışacaq, eksperimentlərə əl atacaq. Bunun üçün də bizə ən azı iki tsikli qurban vermək lazım gələcək. Təkcə elə bu məqamı düşünsək, 6 il ərzində yığmamıza daha yaxşı bələd olan Foqtsun qalması sərfəli görünür.
Ola bilər ki, Foqts əvvəlki iki mövsümdə ümidləri qətiyyən doğrultmamışdı. Amma bu seçmə mərhələdə komandamız onun rəhbərliyi altında bir qədər inamlı təsir bağışlayır. Düzdü, bunu sərgilədiyimiz oyuna görə demək çətindi. Komandamız əvvəlki kimi yenə müdafiə futbolu sərgiləyir, sırf nəticəyə oynayır. Lakin nəticələrə nəzər saldıqda, fərqli mənzərənin şahidi oluruq. Yığmamız cəmi 3 oyunda uduzub. Bəyənmədiyimiz Foqtsun rəhbərliyi altında bu komanda 9 oyunda ilk hissədə bir dəfə də olsun qol buraxmayıb. Azərbaycan tarixi ərzində seçmə mərhələlərdə heç vaxt görmədiyi qədər xal toplayıb. Qarşıda da hələ bir oyun var. Mümkündü ki, Rusiya ilə oyunda ən azı bir xal da qazanaq.
 
Elə isə maraqlıdı – biz Foqtsu nə üzlə qovacağıq? Onun yığmadan ayrılmasına nə ad veriləcək? Futbolu ayaqda sürünən, düz-əməlli futbolçusu olmayan bir ölkə başqa nəyə ümid edirdi ki? Foqts ancaq pulu düşünən, əksəri heç klublarında daimi oyun təcrübəsinə malik olmayan futbolçularla bizi dünya çempionatınamı aparmalıydı? Tutaq ki, Rusiya ilə oyunda lap uduzduq və qocanı yola saldıq. Onun yerinə gələcək məşqçidən Azərbaycana ilk tsikldəcə çox yox, 9 xal qazandırmağı kim tələb edə bilər? Yenə Foqts qalsa, növbəti tsikldə ondan 9 və daha çox toplamağı tələb etmək haqqımız olacaq.
 
Əminəm ki, bir neçə ay öncə ilə müqayisədə indi çoxlarının Berti Foqtsun komandamızdan getməsi ilə bağlı fikrində ciddi dəyişiklik olub. Bu, heç də onun çox yaxşı məşqçi olmasıyla əlaqədar deyil. Sadəcə, yuxarıda sadalanan bəzi məqamları nəzərə aldıqda, Azərbaycan yığması üçün indiki məqamda baş məşqçi dəyişikliyi heç də məqsədəuyğun deyil. Odu ki, Rövnəq Abdullayev başda olmaqla bu məsələyə cavabdeh olan şəxslər Foqtsun taleyi ilə bağlı qərar verərkən yüz ölçüb, bir biçməlidilər. Ən azı növbəti 5-6 ili boşa verməmək üçün…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp