FIFA prezidenti Canni İnfantino bu il Azərbaycanda təşkil olunacaq oğlanlardan ibarət U-15 milliləri arasında ilk dünya çempionatı barədə fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, isveçrəli futbol funksioneri bunun gələcək perspektiv üçün hesablandığını deyib.
İnfantino əsas hədəflərinin gənclər futbolunun inkişafına töhfə vermək olduğunu söyləyib: “Son illərdə FIFA gənclər futbolunun inkişafına yönəlmiş səylərini əhəmiyyətli dərəcədə artırıb və bunun nəticələri hər kəsə aydındır. Biz gənclər arasında yarışların və inkişaf proqramlarının təşviqində çox fəal olmuşuq. U-15-lərin dünya çempionatı isə həmin fəaliyyətlərin təbii və çox sevindirici növbəti mərhələsidir”.
FIFA prezidenti bu turniri futbola qoyulan investisiya kimi dəyərləndirib: “Oğlanlar və qızlar üçün FIFA U-15 festivallarının keçirilməsi FIFA-nın dünyanın hər yerində hər bir istedada şans vermək məqsədində əsas rol oynayacaq və FIFA-nın futbola yenidən investisiya qoymasının daha bir nümunəsi olacaq”.
Qeyd edək ki, U-15-lərin dünya çempionatı 22-31 oktyabr aralığında keçiriləcək.
