Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən "İnter" – "Qarabağ" matçı 1:1 hesabı ilə yekunlaşdı. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan sonra ağdamlıların yarımmüdafiəçisi Qara Qarayev oyunla bağlı fikirlərini səsləndirib.
Millimizin üzvü "bankirlər"lə oyunu yaxşı nəticə ilə başa vurduqlarını bildirib: "İnter" bizə tanış olmayan taktiki sxemlə oynayırdı. Bu da bizə çətinlik yaradırdı. Düşünürəm ki, oyunu yaxşı başa vurduq. Məğlub da ola bilərdik. Oyunlarımız tədricən çətinləşir. Hər tur komandalar fərqli oynayır. "Qəbələ"nin heç-heçə oynaması rəqabətin sona yaxın artacağından xəbər verir. Rəqibin bizə yaxınlaşmağını müsbət dəyərləndirməliyik. Bunu nəzərə alıb daha ehtiyatlı, daha yaxşı oynamalıyıq".
Bundan başqa, Qarayev "Qarabağ"dan ayrılması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. O, başqa bir klubla danışıq aparmadığını söyləyib: "Belə bir söhbətə lüzm olmayıb. Baş məşqçimiz nə vaxt meydana buraxacaq, oynayacağıq, buraxmasa, oynamayacağıq. Bunların hamısı şaiyədi. "Qarabağ"da olduğum müddət ərzində heç bir klubla danışıq aparmıram. Danışmaq niyyətim də yoxdu. Mən 6 ay, 1 ildi ehtiyatda qalmıram ki… Sadəcə, 1-2 oyundu. Belə olsaydı, Qurban müəllim də gedib başqa komandada çıxış etməyimi istəyərdi ki, formamı itirməyim".