"Çexiyada baş tutan ilk oyunu izləmişəm. Həmin matçda "Viktoriya" çox yaxşı təsir bağışladı. Deməzdim ki, "Qarabağ" səfərdə bilərəkdən müdafiədən oynadı. Sadəcə olaraq, rəqibin pressinq tətbiq etməsi və ön xətdəki fəallığı sayəsində "Qarabağ" müdafiə olunmağa məcbur qaldı". Bu sözləri futbolinfo.az saytına təcrübəli mütəxəssis Yunis Hüseynov deyib.
Sabah "Qarabağ" Çempionlar Liqasının III tənsifat mərhələsinin cavab oyunu çərçivəsində "Viktoriya"nı qonaq edəcək. Səfərdə çexlərlə qolsuz bərabərə qalan Ağdam klubunun cavab matçında necə oynayacağı maraq doğurur. Biz isə "Qarabağ" sabah necə oynamalıdı" sualı ilə Yunis bəyə müraciət etdik.
51 yaşlı çalışıdırıcının fikirlərini öyrənməyimiz heç də təsadüfi deyil. Belə ki, indiyədək təmsilçilərimizlə 3 dəfə yolları kəsişən çexiyalılar bütün duellərdə mübarizəni davam etdirən tərəf olublar. "Qarabağ"ın səfərdəki qolsuz heç-heçəsini nəzərə almasaq, əvvəlki 3 duel çərçivəsindəki 6 oyundan 5-də uduzan komandalarımızın yeganə təsəllisi bərabərlik olub. Bunu isə Hüseynovun baş məşqçisi olduğu “Karvan” bacarıb. Yevlax klubu UEFA kubokunun 2006/07 mövsümündə evdə "Slaviya"ya 0:2 hesabı ilə uduzandan sonra səfərdə heç-heçə etmişdi.
Yunis bəy hesab edir ki, sabah 20:30-da başlayacaq matçda əsas məqsəd qol buraxmamaq olmalıdı: "Qarabağ"ın baş məşqçi Qurban Qurbanova məsləhət verməyim düz çıxmaz. O, öz işini yaxşı bilir. Əminəm ki, "Viktoriya"nı yetərincə analiz edib və buna uyğun da taktika quracaq. "Qarabağ"ın səfərdə bərabərə qalması müsbət haldı. Lakin qolsuz heç-heçə elə də yaxşı nəticə sayılmır. İndi mərhələ keçmək üçün qalib gəlmək lazımdı. Qalib gəlmək üçün isə hücum etmək. Lakin daha vacibi qol buraxmamaqdı. "Qarabağ" daha çox bu barədə düşünməlidi".