Berti Foqts zamanında yaxşı müdafiəçi olub. Keçilməz, sərt, mübariz. Deyəsən, yaş işini görür, daha əvvəlki formada deyil, hətta adi epizodda öz qapısına da qol vurur.
Millimizin sabiq baş məşqçisinin "Bild"ə müsahibəsini oxudum. Sabah keşiriləcək oyunda Almaniya televiziyasının eksperti qismində çıxış edəcək Foqts ölkəmizlə bağlı xatirələrini də bölüşüb.
Bertinin 5-6 futbolçumuzun Premyer Liqa və Bundesliqa səviyyəsində oynaya biləcəyini deməsi ağ yalandı. Görünür, o, AFFA-da kimlərəsə xoş gəlmək üçün bu sözləri deyib. 6 il Azərbaycanda yedi-içdi, bir işə yaramasa da, hər halda, müşahidə etdi ki, milli komandamızın, futbolçularımızın səviyyəsi qənaətbəxş deyil. Həqiqətən futbolçularımız Foqtsun dediyi səviyyədədisə, niyə heç yerdə qərar tuta bilmirlər? Ona görə də Bertinin bu sözlərini ciddiyə almayın – dilxoşluq edib.
Foqtsun futbolçularımızın "Yaxşı şərait var, ölkələrində məvacibləri çox yaxşıdı. Bu səbəbdən xaricə üz tutmurlar" deməsi də yenilik deyil. Ölkəmizdə işləyəndə də bunu deyirdi. Qismən haqlıdı, qismən…
Foqtsun bu sözləri isə daha maraqlıdı: "İtaliyaya qarşı oyunda çox gözəl oynamışdıq. Uduzsaq belə, yaxşı təsir bağışlamışdıq. O məğlubiyyətə görə AFFA futbolçulara mükafat ödəmək istəyirdi. Təsəvvür edirsiz? Məğlubiyyətə görə mükafat! Mən mükafatın dayandırılmasını tələb edirdim. Belə şeylərə əsəbiləşirdim".
Bax, avtoqol budur. AFFA-nın məğlubiyyətə görə mükafat verməsi yenilik deyil, tez-tez belə şeylər edirdilər, bolluğa düşmüşdülər. Amma Foqtsun bunun qarşısını aldığını deməsi cəfəngiyyatdı. Alman məşqçi az qala hər toplanışda maddi qazanc umurdu, imkan daxilində çox "yığmağa" çalışırdı.
Foqts "Bild"ə müsahibəsində yeni heç nə deməyib, illərdi dediklərini təkrarlayıb. Halbuki o, indiki millinin niyə onun vaxtındakı komandadan daha yaxşı olmasının səbəblərini deməli, uğursuzluğunun səbəblərini açıqlamalı idi. Ölkə futbolunun inkişaf etməməsinin səbəbi kimi idarəçiliyin yanlış olmasını vurğulamalıydı. O isə keçmiş müttəfiqlərini, AFFA-ya gələn kimi şəkil çəkdirdiyi insanların kürəyini yerə vurmadı. Bircə məğlubiyyətə görə verilən mükafatdan danışmaqla avtoqol müəllifi oldu.
AĞA