Robert Prosineçkinin start heyətini bir gün əvvəldən açıqlamasını heç vaxt bəyənməmişəm. Bəlkə də cəsarətini göstərir, bəlkə də komanda daxilində ab-havanı nizama salır, amma məncə, bu, doğru deyil.
Düzdü, Almaniya kimi komanda üçün Azərbaycanın hansı heyətlə mübarizə aparmasının prinsipial fərqi yoxdu. Lakin digər rəqiblər nəvaxtsa bundan yararlanacaq, oyunçuları analiz edib, zəif nöqtələri daha tez tapacaqlar.
Xorvat məşqçiyə inansaq, bu gün meydana bu "11-lik" çıxacaq: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov, Ramil Şeydayev.
1-2 oyunçuyla bağlı mübahisə etmək olar, lakin prinsipial fərq yoxdu. Çünki futbolçularımız arasında aşkar seçilib kənarda qalanı görmədik. Bəlkə, bəlkə, bəlkə…
Hə, hamı ilk öncə Pavel Paşayevin start heyətinə necə düşdüyünü fikirləşir. Razıyam, millidə ciddi oyun təcrübəsi olmayan birinin birdən-birə əzəmətli rəqibə qarşı oynaması riskdi. Lakin onun indi hansı formada olduğunu bilmirəm, yəqin ki, Prosineçki də kiminsə tapşırığıyla yox, son məşqlərdəki çalışqanlığını nəzərə alaraq belə qərar verib. Təəssüratlarımızı, tənqidlərimizi onu iş başında görəndən sonraya saxlayaq.
Məni ən çox narahat edən bəh-bəhlə milliyə gətirilən Dəniz Yılmazın, Emin Mahmudovun, Eddi İsrafilovun, Renat Dadaşovun heyətə düşməməsidi. Səviyyələri start heyətinə düşmələrinə imkan vermirdisə, onlara bu qədər xərc çəkməyin səbəbi nə idi?
Ancaq iş ondadı ki, onların oynaması başqa bir biabırçılığı üzə çıxaracaqdı. Açıqlanan start heyətində 5 futbolçu Azərbaycanda yetişməyib. Bu 4 nəfər də oynasaydı, bəlli olacaqdı ki, illərdi uşaq futboluna milyonlar xərcləsək də, millidə oynayacaq səviyyədə kimisə yetişdirə bilməmişik.
Bu matç futbolumuzun imtahanı olmayacaq. Rəqib aşkar favoritdi, hətta qol da buraxmır. Bu baxımdan sensasiyaya ümid çox azdı, "yoxdu" da demək olar. Lazım olan meydana çıxanların döyüşməsidi. Pavel Rəşad, Bədavi Kamran, Ramil Dmitri, Cavid Qara üçün.
Yoahim Löv də start heyəti ilə bəzi açıqlamalar verib. O, tam heyəti sadalamayıb, 2 müdafiəçi və 1 hücumçunun mütləq meydanda olacağını bildirib. Prosineçkidən fərqi isə yalnız bu deyil, əlinin altında əla heyət, güclü komanda var.
CAVAD