Əksər klublar yeni mövsümün hazırlığına başlayıb. Düzdü, futbolçular istirahət edir, komandalar toplanışda deyil, lakin transfer planları bəllidi, bu işlərə start verilb.
 
Hamı lazım bilmədiyi futbolçuları göndərir, əvəzinə problemli mövqelərə yenilərini gətirir. Bu prosesdə ilkin addım kimi yerli futbolçularla müqavilənin imzalanması durur. Daha sonra əcnəbi axtarışına başlanacaq ki, bu da başadüşüləndi.
 
“Sumqayıt” və “Kəpəz” hələlik bir addım öndədi. Etdikləri transferlərdən anlaşılır ki, bu komandalar ötən mövsüm boyu axtarışda olub və çempionat bitən kimi yerli oyunçularla bağlı məsələləri həll etdilər. Düzdü, hər kəs cibinə uyğun transfer etdi, amma əsas odur ki, bu prosesi yekunlaşdırdılar.
 
“Qarabağ” isə qətiyyən narahat deyil. Klub rəhbərliyi və məşqçilər korpusu bir neçə il sonra ölkədə ciddi futbolçu qıtlığı yaranacağını öncədən görürmüş. Elə bu səbəbdən də üzdə olan qaymaq futbolçuların əksəriyyəti indi ağdamlıların düşərgəsindədi. Hamı onların imtina edəcəyi futbolçuları götürmək üçün növbəyə durduğu vaxtda “atlılar” çatışmazlıqları legionerlər hesabına doldurmağın planlarını cızır.
 
Klubların demək olar, hamısı axtarışdadı və müəyyən transferlər ediblər, kiminləsə ən azından şifahi razılaşıblar. “Neftçi”nin susqunluğu isə “qulaq batırır”. Sanki son mövsümü 8 komanda arasında 7-ci bitirən başqasıdı. Düzdü, bakılılar Səlahət Ağayevlə razılığa gəlib. Ancaq bu oyunçu da yalnız “İnter” Avropa Liqasında çıxışını başa vurduqdan sonra “ağ-qaralar”ın düşərgəsinə yollanacaq.
 
“Neftçi”nin imici o qədər korlanıb ki, futbolçular bura can atmır. Əvvəllər başqasının təklif etdiyinin yarısına paytaxt klubunda oynamaq istəyənlər indi bu varianta ən sonuncu kimi baxır. Elvin Məmmədov nümunəsini xatırlayaq.
 
“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev “Zirə”nin kapitanı ilə maraqlanmadıqlarını açıqlayıb. Halbuki bir neçə gün öncə bu futbolçu ilə müqavilə də imzalanıb. Lakin sonradan yarımmüdafiəçi “Qəbələ”dən daha yaxşı təklif alaraq bu klubu seçib. Avrokuboklarda oynamaq istəyən Məmmədov həm də maddi şərtlərin daha yaxşı olması üzündən əyalət klubuna keçməyi lazım bilib. Müqavilə isə notariusda təsdiq edilmədiyindən kağız parçasından başqa bir şey deyil.
 
Klubun səhlənkarlığı indi əliboş qalmalarına şərait yaradıb. Necə ki, “İnter”dən almaq istədikləri 3 futbolçunu da belə səriştəsizliklər üzündən heyətə qata bilmədilər.
 
İndi qəribə durum yaranıb. “Neftçi”də kifayət qədər əcnəbi oyunçu var və yeni legioner gətirmək üçün sadəcə, limit yoxdu – ya yeni gələnlər ehtiyatda qalmalıdı, ya da müqaviləsi davam edənlər. Yerli oyunçularla bağlı isə heç bir addım atılmır. Futbolçulara 2 aylıq istirahət verən Elxan Abdullayev ayılanda qatar getmiş olacaq. Yəqin ki, baş məşqçi o zaman istədiyi transferləri edə bilmədiyini açıqlayıb, yeni mövsümdə gözlənilən uğursuzluqlara bəri başdan don geyindirəcək.
 
“Neftçi” kimi kluba elə adam rəhbərlik etməlidi ki, futbolçular da ora getməkdə maraqlı olsun. Abdullayev isə belə birisi deyil və heç kim onun yanına can atmır. Məğlubiyyətlərdə futbolçuları ayağa verən birinə heç kim güvənmir.
 
Fasilə bitməyib, amma transfer çalışmalarında əsas mərhələ yekunlaşıb. “Neftçi” yenə ofsayddadı.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp