Futbol üzrə Türkiyə millisi İran yığması ilə yoxlama oyunu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, bu iki ölkənin futbol federasiyaları DÇ-2018-in final mərhələsi ərəfəsində oyun keçirməklə bağlı razılığa gəliblər. Oyunun yeri və dəqiq tarixi isə daha sonra açıqlanacaq. Türkiyə mətbuatının yaydığı məlumata görə, qarşılaşma may ayının sonuncu həftəsinə planlaşdırılıb.

Türkiyə yığması DÇ-2018-ə vəsiqə qazana bilməsə də, İran final mərhələsində çıxış edəcək. Bu komanda B qrupunda Portuqaliya, İspaniya və Mərakeşlə qarşılaşacaq.

Türkiyə və İran yığmaları tarixləri ərzində 6 dəfə üz-üzə gəliblər. Bu oyunların 4-də türklər qalib gəlibsə, 2 matç da heç-heçə başa çatıb. Türklər 12 qol vurduqları halda, öz qapılarında cəmi 1 top görüblər. “Ay-ulduzlular” İranla sonuncu dəfə 1974-cü ildə, yanvarın 20-də üz-üzə gəliblər və səfərdə 1:0 hesablı qələbəyə seviniblər.

Shares: