21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş İrlandiya – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Rəşad Sadıqov fikirlərini bölüşüb. 

Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

“Çox gərgin, ağır oyun keçdi. Aydın məsələdi, rəqib qrupdan çıxmağa çalışır. Əllərindən gələni etdilər ki, qələbə qazansınlar. Göstərdikləri əzimkarlığa, göstərdikləri mübarizəyə, sona qədər əzmlə, inamlı oynadıqlarına görə futbolçularımı təbrik edirəm. Komandanın oyunundan razı qaldım. Bəli, oyun rəqibin üstünlüyü ilə keçdi. Amma ilk yarıda rəqibə qol vəziyyəti yaratmağa imkan vermədik. İkinci hissədə isə standart vəziyyətlərdən bir-iki təhlükəli vəziyyət yaratdılar. Bununla belə, rəqibin həyata keçirdiyi çoxsaylı standart vəziyyətlər zamanı həm qapıçımız, həm də müdafiəçilərimiz yaxşı oynadılar. Sonda qolu məhz standart vəziyyətdən buraxmağımıza baxmayaraq, bu oyunda cərimə zərbələri zamanı zəif deyildik. Təəssüf ki, yekunda qol buraxdıq. Amma bu bizi ruhdan salmamalıdı. Komanda şəklində daha güclü olmalı və özümüzə daha çox inanmalıyıq. Kollektiv şəkildə oynadıqda, əzmkar mübarizə apardıqda ortaya yaxşı nəticələr çıxa bilər.  Qələbə də qazana bilərdik. 87-ci dəqiqədə komandamızın hücumu zamanı top qapı dirəyinə dəydi. Futboldu, bunlara hazır olmalıyıq. Düzdü, ağır məğlubiyyətdi, amma futbolçularda olan əzmkarlıq, mübarizə ruhu və verilən tapşırıqları yerinə yetirmək istəyi məni sevindirir. Hələ yolun əvvəlindəyik. İstər Antalya toplanışı, istərsə də, seçmə mərhələnin iki oyunu məndə müsbət fikirlər yaratdı. Oyundan-oyuna, məşqdən-məşqə futbolçularda irəliləyiş görürəm. Bu amil məni sevindirir”. 

Shares: