Topaz Premyer Liqasının 24-cü turu təkcə çempionun deyil, həm də ən yaxşı qapıçının rəsmiləşməsi ilə nəticələnib. 

Futbolinfo.az xəbər verir ki, quru oyunlar sayında mövsümün rekordçusu bəllidi.

Bu, ardıcıl 5-ci dəfə çempion tituluna yiyələnən “Qarabağ”ın qolkiperi İbrahim Şehiçdi. Azərbaycan çempionatının “1 nömrə”si hamıdan çox – 12 matçda qapısını toxunulmaz saxlayıb. Cəmi 15 matça çıxan və 3 top buraxan bosniya və herseqovinalı qarşılaşmaların 80 faizində “0”a nail olub.

“Sumqayıt” üzərində 1:0 hesablı qələbədə də etibarlı oyunu ilə pay sahibi olan Şehiç səfər matçından sonra 2017/18 mövsümünün rekordçusu adını rəsmiləşdirib. Çünki onun ən yaxın izləyicisi Dmitri Bezotosnı 7 quru oyun keçirib. “Qəbələ”nin ukraynalı legioneri son 4 turda top buraxmasa da, rekordçuya çata bilməyəcək.

Qeyd edək ki, qol buraxmadığı oyunların sayında 3-cü pilləni Rəşad Əzizli (“Neftçi”) və Fərhad Vəliyev (“Sumqayıt”) bölüşür – hərəyə 6 dəfə. (Apasport)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp