“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra bunları söyləyib:
– Rəqibərimizin məğlubiyyətindən sonra işimizi rahatlaşdırmaq üçün qalib gəlməli idik. Təssüf ki, alınmadı. Pis oynamadıq. Qol epizodlarımız olsa da, reallaşdıra bilmədik. Son tura qədər əziyyət çəkəcəyik. Çətin Gəncə səfəri olacaq. Nə bacarırıqsa, onu edəcəyik. Heç kimi günahlandırmaq qistəmirəm. Oyunçuların hamısı qalib gəlmək istəyirdi.
– Dünənki qarşılaşmaların nəticəsi bu oyuna nə dərəcədə təsir etdi?
– Dünənki oyunlarda rəqiblər udsaydı, başqa cür oynacaqdıq desəm, düzgün çıxmaz. Bu gün də pis oynamadıq. Qol buraxandan sonra təlaşa düşdük. Xoş hal idi ki, udmaq istəyirdik, yəni can yandırırdıq, işimizi daha da rahatlaşdırmaq istəyirdik. Bizə bu ilə sona qədər mübarizə aparmaq yazılıbsa, onu da edərik.
– Sizcə, "Səbail" qələbəyə layiq idi?
– Rəqib qələbə qazandısa, demək ki, layiqdi. Oyunun əvvəlindən hücumlar edirdik, düşünürdüm ki, biz qol vuracağıq. Rəqibin qələbəsini qiymətləndirməmək istəmirəm. Oyun heç-heçə olsa idi, yenə razı olmayacaqdım. Rəqibi təbrik edirəm. Əlindən gələni etdilər, yaxşı oynadılar, əks-hücumlarda effektli idilər. Vaxt uzatmadan da yaxşı istifadə etdilər. Biz daha istəkli idik, qalib gəlməli idik.
– İkinci hissədə meydana buraxdığınız heyəti start heyəti kimi qeydə alsaydız, hesab fərqli olardımı?
– İkinci hissədə məcbur olub heyəti dəyişdik. Bir sistemdə oynayırıq, ancaq futbolçular formadan düşəndə məcbur qalıb müəyyən dəyişikliklər edirik. Xəyalı ilk dəqiqələrdən riskə atmaq istəmədik. Rəşadın zədəsi var, ancaq Amil haqda bunu deməzdim. İstədiyimizi birinci hissədə gördüm, sadəcə, alınmadı.
– Cavid İmamverdiyev sanki son 3 oyundu futbol oynamır. Bəlkə fikri başqa yerdədi?
– Bilmirəm, fikri hardadı? İnanmıram ki, oyundan kənar nəsə düşünsün. Cavid bu komandaya ürəyini qoyub. Siz qəbul edin ki, futbolçuya təklif gəlməsi normaldı, oyunu alınmaması da normaldı. İnanmıram ki, Cavid hansısa təklifə görə tam mübarizə aparmasın.
– Vurğun Hüseynovun oynamadığı müddətdə komandanın nəticəsi heç də ürəkaçan olmur…
– Razı deyiləm, müdafiəçilərimizin hamısı yaxşıdı. Vurğun komanda ilə birlikdə məşqlərə başlayıb. Növbəti oyunda meydana çıxa bilər.