İlk baxışdan geriyə atılmış addımdı. Sanki iddialı “Qəbələ”ni bir daha görməyəcəyik. Bundan sonra gənc məşqçiylə ortabab büdcəli, çempionluq mübarizəsini yaddan çıxaran, yaşamaq naminə yaşayan bir kollektiv düşünün.
 
Lakin milli komandalara, “Səbailə, “Zirə”yə, “Sumqayıt”a və s. baxıb yeni nəsil məşqçilərin uğurlu fəaliyyətini görüb, Sənan Qurbanovun baş məşqçi postuna təyin edilməsinə müsbət effekti daha çox olacaq risk kimi baxaq. Kaxaber Tsxadadze, Con Toşak, Vinfred Şefer, Bojidar Bandoviç, Mustafa Dənizli, Dorinel Muntyanu və başqa əcnəbilərə milyonlar xərcləyib nəticə qazanmadan müflis olmaqdansa, illərdi klubda olan, təcrübə toplayan yerli mütəxəssis nədən olmasın?
 
Əlbəttə, “Qəbələ”yə Roman Qriqorçuk daha çox yaraşardı. Lakin son bir ildəki yox, gəldiyi ilk vaxtlarda əzmlə çalışan, əla komanda quran, avrokuboklarda meydan sulayan Qriqorçuk. İkinciliklə barışan, amma klub büdcəsinin imkan verdiyi nəticələrə çata bilməyən məşqçi artıq yerində sayırdı və bu qan dəyişikliyinə ehtiyac var idi.
 
Klub gizlətməyə çalışsa da, Qurbanovun baş məşqçi postuna gətirilməsinin bir səbəbi də büdcədəki ixtisardı. İndiyədək titul qazanmayan, ən yaxşı nəticəsi ikincilik olan əyalət təmsilçisində bu kritik qərar evdə oynanılan finalda ölkə kubokunun da əldən verilməsinə görə oldu. Sınıq-salxaq heyəti olan “Keşlə” də titul qazanırsa, 400 min dollar maaş alan ukraynalı mütəxəssisə nə ehtiyac? Ümumiyyətlə, komandada ən ödənişli şəxs məşqçidirsə, deməli, yolunda getməyən nələrsə var.
 
Qriçorçuk “Qəbələ”yə gələndə də eyni maaşa razılaşmışdı. Sonradan Avropa Liqasının qrupa vəsiqə qazanması ilə klubu maddi cəhətdən irəli saldı və özü də bundan faydalandı – əməkhaqqı 800 min dollara yüksəldi. Və ötən yay eyni uğur təkrarlanmayanda yenidən maaş əvvəlki səviyyəyə endi. Lakin aya 40 min dollar alıb, digər bütün ehtiyacları da qarşılandığı halda Bakıda yaşamaq, akademiyaya diqqət etməmək, yalnız legioner futbolçulara güvənmək, onlara “stavka” etmək, komandaya daha həvəssiz yanaşmaq belə nəticələnməliydi.
 
Artıq o dövr deyil, “Qəbələ” strategiyanı dəyişir – indi minimum imkanlarla maksimuma çalışmaq zamanıdı. Bundan sonra komandada 4-5 legioner ehtiyatda oturmayacaq, heyətdə əcnəbi olacaqsa, mütləq start “11-liy”ə düşəcək səviyyədə olmalıdı. Bu, rəhbərliyi, məşqçiləri daha keyfiyyətli seçimə məcbur edəcək.
 
Qəbələdə illərdi fəaliyyət göstərən klub akademiyası indi Sənan bəyin diqqət mərkəzində olmalıdı. Qriqorçukun ən böyük qüsuru məhz buradaydı – o, hazır futbolçulara güvənir, əcnəbilərə üstünlük verirdi, klubun yetirmələri isə daim diqqətdən kənar qalır, layiq olduğu şansı qazanmırdı. İndi bu rabitəsizlik aradan götürülməli, başqa klublarda heyətə düşən həmin yetirmələr “Qəbələ”də söz sahibi olmalıdı.
 
Yəqin ki, klub heyətdə olan sıradan legionerlərlə də vidalaşacaq, svəiyyəsi ilə seçilən 3-4 açar oyunçu alınacaq. Və Qurbanov onların ətrafında öz komandasını qurmalıdı. Ukraynalıya sərf olunan yarım milyona yaxın vəsait qənaət olunacaqsa, qalan büdcə ən yaxşı şəkildə dəyərləndirilməlidi.
 
Komanda maliyyəsinə görə yalnız “Qarabağ”dan, bəlkə bir də “Neftçidən geri qalacaq. Amma əl altında superşəraitli baza, yaxşı futbolçuların yetişdiyi işlək akademiya var. Bu üstünlüklə hədəfdən qopmamaq, iddianı azaltmamaq mümkündü. Düzdü, avrokuboklarda vəziyyət yaxşı olmayacaq, lakin möhkəm, stabil komanda qurmaq üçün Qurbanovun hər cür imkanı var.
 
Bu gün hamı Sənan bəyə dəstək verir, onun Qriqorçukun yanında qazandığı 3 illik təcrübəni işdə göstərəcəyinə ümid edir. İnanmaq istəyirik ki, o da klub rəhbərliyi ilə əl-ələ verib, normal iş görəcək, Qriqorçuku xatırlatmayacaq.
 
FƏRİD
Shares: