Zirə qəsəbə stadionu təmirə bağlandığından, qəsəbənin eynadlı klubu bir müddət didərgin həyatı yaşayacaq. “Qartallar” məşqlərini Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında keçmək üçün arena rəhbərliyi ilə anlaşıb.
Futbolinfo.az xəbər verir ki, bu vəziyyət ilin sonuna kimi davam edəcəyi gözlənilir. Çünki inşaatçılar süni qazonu sökülən arenanın yalnız noyabrda tam istifadəyə veriləcəyini vəd edib. Bu üzdən oyunlarını “Dalğa Arena”da keçirəcək “Zirə” məşq üçün də BOS-da olacaq.
Komanda ilin sonuna kimi, ümumiyyətlə, Zirəyə getməyəcək. Baza kimi yeni məkan seçilib və burada futbolçuların qalması üçün də hər cür şərait var. Əvvəllər “Qarabağ”ın baza kimi yararlandığı “Ruslan-93” indi qışa kimi “qartallar”ın sərəncamında olacaq. Bir mərtəbəni bütünlüklə icarəyə götürəcək “Zirə” iyuldan bura köçəcək.