İtaliyanın “Latsio” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Milan Badel və argentinalı hücumameyyli yarımmüdafiəçi Xoakin Korreanı transfer edib. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xoakin Korrea “Sevilya” klubundan transfer edilib. 23 yaşlı argentinalı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Argentinanın “Estudiantes” klubunun yetirməsi olan Korrea 2015/16 mövsümündə İtaliyada “Sampdoriya”nın da şərəfini qoruyub. O, 2016-cı ildə məhz bu klubdan “Sevilya”ya transfer edilmişdi.

Son klubu “Fiorentina” olan Milan Badel isə paytaxt klubuna azad agent kimi qoşulub. Onunla 4 illik müqavilə imzalanıb. 2014-cü ildən “Fiorentina”da çıxış edən dayaq yarımmüdafiəçisi Zaqreb “Dinamo”sunun yetirməsidi. O, ölkəsində “Lokomotiv” klubunun da şərəfini qoruyub. Xorvatiya yığmasında 40-dan çox oyun keçirmiş Badel 2012-2014-cü illər aralığında isə Almaniyanın “Hamburq” klubunun uğurları üçün çalışıb.

Shares: