“Kəpəz”də tarixi debüt gerçəkləşib.
Futbolinfo.az xəbər verir ki, Ümid Səmədov 14 yaş 352 günlüyündə əsas komandanın heyətində rəsmi oyuna çıxıb. Bununla da o, əsas komandada oynayan ən gənc futbolçu olub. Bu tarixi hadisə Birinci Divizionun 5-ci turunun “Kəpəz” – “Qaradağ Lökbatan” matçında baş verib. 25 nömrəli hücumçu 87-ci dəqiqədə komanda yoldaşını əvəzləyərək meydana daxil olub. Mövsümün əvvəlində klubun U-15 komandasından “Kəpəz”in əsas komandasına cəlb edilən Səmədov bundan öncə “Turan Tovuz” və “Qoşqar” ilə yoxlama oyunlarında iştirak edib. Hətta sonunculara qarşı görüşdə qol da vurub.
Lap erkən yaşlarından futbolla məşğul olmağa başlayan Ümidin ilk məşqçisi atası, uşaq futbolunda tanınmış mütəxəssislərdən hesab edilən İlham Səmədov olub. O, atasının rəhbərliyi altında top qovduğu dövrlərdə Azərbaycan birinciliyinin qalibi və bombardiri adını qazanıb. Uşaqlıqdan həmyaşıdlarından fərqlənməklə diqqəti özünə cəlb edən Səmədovun bu istedadına AFFA da biganə qalmayıb. Belə ki, qurum onu 2014-cü ildə sosial reklam çarxının siması seçib. Gənc futbolçu SOCAR tərəfindən 2016-cı ildə Fransada keçirilən Avropa çempionatının finalına göndərilən 6 oyunçu arasında da yer alıb.
Onu da qeyd edək ki, Ümid Səmədovun böyük qardaşı Əli də ötən mövsümə kimi “Kəpəz”də çıxış edib. O, indi Premyer Liqada mübarizə aparan “Sabah”ın şərəfini qoruyur. Ümumiyyətlə, Səmədovlar Gəncədə futbolçu ailəsi kimi tanınır. Ümidin əmisi İntiqam Səmədov “Kəpəz”də məşqçi işləyib, indi fəaliyyətini yerli idman məktəbində davam etdirir. Əmisi oğlu Nizami Səmədov isə hazırda “Neftçi”nin U-19 komandasının üzvüdü.