Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda Portuqaliyanın “Sportinq” klubunu qəbul edib. Bakı Olimpiya Stadionunda baş tutan görüşə saat 21:55-də start verilib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin yer aldığı E qrupunda ilk matçı məhz bu komandaya qarşı olmuşdu. Lissabonda keçirilən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Ağdamlılar bundan sonra evdə İngiltərə "Arsenal”ına 3, Ukraynanın "Vorskla” komandasına isə 1 cavabsız qolla uduzmuşdu. Sonuncu turda Poltavada 1:0 hesablı qələbəyə sevinən Azərbaycan çempionu hazırda 3 xalla sonuncu pillədə qərarlaşıb.

"Sportinq” isə səfərdə "Vorskla”nı 2:1 hesabı ilə məğlub etdikdən sonra evdə "Arsenal”a 1 cavabsız qolla yenilmişdi. Lakin bu komanda Londondan qolsuz heç-heçə ilə dönməyi bacarmışdı. Lissabonlular 7 xalla 2-ci pillədəydilər və ingilislərdən 3 xal geri qalırdılar. "Qarabağ”la eyni xala malik ukraynalılar müsbət top fərqinə görə 3-cü yerdədilər.

Bu oyun Azərbaycan çempionu üçün "tamam, ya davam” xarakteri daşıyırdı. Ağdamlılar pley-offa yüksəlmək baxımından nəzəri şanslarını saxlamaq üçün mütləq qalib gəlməli idilər. Qonaqlar bunu bacaracaqları təqdirdə, paralel keçiriləcək "Vorskla” – "Arsenal” qarşılaşması formallığa çevriləcəkdi. Çünki "Sportinq” 3 xal qazanmaqla, "topçular” kimi qrupdan çıxmağı rəsmiləşdirəcəkdi. Qonaqlar heç-heçə sayəsində də tapşırığın öhdəsindən gələ bilərdilər. Bunun üçün Ukraynada meydan sahibləri qalib gəlməməliydi.

Ağdam klubu bu görüşdə böyük hesabla uduzub. “Arsenal” da səfərdə “Vorskla”nı darmadağın etməklə sürprizə imkan verməyib.

Avropa Liqası
E qrupu

29 noyabr

Qarabağ – Sportinq 1:6
Qol: Abdulla Zubir, 14 – Bas Dost, 5-pen. Bruno Fernandes, 20; 75. Luis Nani, 33. Abdulay Dyabi, 65; 81.
Baş hakim: Petr Ardeleanu
Yan xətt hakimləri: Petr Blajey, Tomaş Mokruş
Əlavə köməkçilər: Zbınek Proske, Emanuel Marek
Dördüncü hakim: Yan Patak (hakimlər briqadası Çexiyadandır)
Bakı Olimpiya Stadionu.

Qarabağ: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Araz Abdullayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 52. Yakub Jezniçak, 77. Donald Gerrye.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 10. Dani Kintana, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sportinq: 40. Renan Ribeyro, 3. Sebastyan Koates, 5. Jefferson, 6. Andre Pinto, 8. Bruno Fernandses, 17. Luis Nani (k), 23. Abdulay Dyabi, 28. Bas Dost, 37. Vendel, 76. Bruno Qaspar, 86. Nemanya Qudel.
Ehtiyat oyunçular: 19. Romen Salin, 18. Karlos Mane, 25. Radosav Petroviç, 63. Tyaqo Calo, 77. Covane Kabral, 90. Migel Luis, 95. Tyerri Korreya.
Baş məşqçi: Marsel Keyzer.

Vorskla – Arsenal 0:3
Qol: Emil Smit-Rou, 11. Aron Remzi, 27-pen. Co Uillok, 41.

Arsenal – 13, Sportinq – 10, Vorskla – 3, Qarabağ – 3.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp