“İlk növbədə, "Sumqayıt"ı təbii örtüklü stadionuna təmirdən sonra qovuşması münasibətilə təbrik edirəm. İnanıram ki, biz də belə örtüyə keçəcəyik. Oyuna gəldikdə, itkilərimiz var idi. Rahid Əmirquliyevin yoxluğu oyuna təsir etdi. Futbolçularımız əllərindən gələni etdilər. Matça yanaşmalarından razı qaldım. Amma nəticədən narazıyam".  

Futbolinfo.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
 
– Klubunuzda maddi problemlərin olduğuna dair məlumatlar var. Belə hal yoxdursa, meydana istəksiz çıxmağınız nə ilə bağlı idi?
– Kapitan Rahid Əmirquliyevin anasının dünyasını dəyişməsi komandaya təsir etmişdi. Amma deməzdim ki, kollektiv istəksiz idi. Sadəcə, fərdi səhvlər etdik. Süni örtüklə təbii ot arasında fərq var. Bu, futbolçulara çətinlik törədir. Amma bu, əsas səbəb ola bilməz. Bu gün səhvimizdən rəqib yararlandı.
 
– Emil Balayevə buraxdığı səhvlə əlaqədar nə dediniz?
– Heç nə demədim. Ondan əvvəl də fərdi səhvlərə yol verənlər var idi. Futbolda belə hallar olur. Amma birgə olmağımız üçün nəticələri yaxşılaşdırmalıyıq. (Sportnet)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp