“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqada “Qarabağ”a məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, Əhmədov komandasının 1:4 hesablı məğlubiyyətini belə şərh edib:

– Görüləsi iş çoxdu. Komandanın cəmi 2 qələbə, 3 heç-heçəsi var. İlk hissənin və ikinci hissənin əvvəlində qapımızda qol gördük. Ümumilikdə 8 dəqiqədə 3 qol buraxdıq. Burdan suallar yaranır. Yeni oyunçulara ehtiyac var. Hər oyun qol vururuq, amma müdafiə xəttində edilən səhvlər məni narahat edir.

– İkinci hissənin əvvəlində açıq futbol oynamaq nə dərəcə düzgün idi?
– Açıq futbol heç vaxt planda olmayıb. Daha aqressiv, daha diqqətli oynamalıydıq. 

– Davud Kərimlinin oyunu sizi razı saldımı?
– Heç kimin oyunundan razı qalmadım. Davudun oyun təcrübəsi azdı. Kamran Ağayev də zədəlidi. Buna görə başqa variantımız yoxdu.

– Kamranın zədəsi necədi?
– Bu gün meydana çıxmasını istəyirdik. Lakin o, hələ hazır deyil. Ya kubok oyununa, ya da həftəsonu liqa oyununda olacaq. (komanda.az)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp