“Əsas milliyə dəvət alsam, çox sevinərəm. Məşqlərdə bütün gücümlə çalışıram ki, yığmaya çağırılsam, ora 100 faiz hazır vəziyyətdə gedim”. 

Futbolinfo.az xəbər verir ki, bunu slovakiyalı futbolçu Kristian Herts deyib.

U-21 yığmasının üzvünün hədəfi əsas milliyə çağırılmaqdı. Ancaq 21 yaşlı yarımmüdafiəçi U-21-ə kömək etməyə də hazırdı.

Herts AÇ-2021-in seçmə mərhələsində Azərbaycan millisinə qarşı gələn ay keçiriləcək matçı səbirsizliklə gözlədiyini söyləyib: "Yığmanın oyunları öncəsi həmişə səbirsizlənirəm. Bizim U-21 yığmamız çox yaxşı heyətə malikdi. Seçmə mərhələyə Azərbaycan səfərində start götürəcəyik. Yarışa məhz Azərbaycanda uğurlu başlanğıc edəcəyimizə və sələflərimizin 2017-ci ildəki Avropa çempionatında əldə etdiyi uğuru təkrarlayacağımıza inanıram. Hazırkı vəziyyət əvvəlki təsnifat mərhələsinə oxşayır. İspanlar favoritdi. Qrupdan iki komanda növbəti mərhələyə adlayacaq. Digər ciddi rəqibimiz İsveçrə olacaq. U-17-də olarkən Gürcüstana necə məğlub olduğumuzu xatırlayıram. Azərbaycan isə aldadıcı komandadı və onları da yüksək dəyərləndirməliyik". (matc.az)

Qeyd edək ki, Slovakiyanın U-21 yığması AÇ-2021-in seçmə mərhələsində ilk oyununu sentyabrın 6-da Bakıda millimizə qarşı keçirəcək. Azərbaycan isə qrupdakı birinci matçında Lixtenşteynə uduzub (0:1).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp