Futbol üzrə Bosniya və Herseqovina yığma komandasının baş məşqçisi Robert Prosineçki istefa verib.

Futbolinfo.az xəbər verir ki, istefaya sözügedən komandanın AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün keçirilən Ermənistanla səfər oyununda 2:4 hesablı məğlubiyyəti səbəb olub.

Xorvatiyalı mütəxəssis bu qərarını matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlayıb: “Bizim də qol epizodlarımız oldu, amma onlardan yararlana bilmədik. Amma indi bunlardan danışmağın bir önəmi yoxdu. Çünki Bosniya və Herseqovina AÇ-yə gedə bilmir. Hədəfimiz AÇ-2020-yə vəsiqə qazanmaq idi. Amma bütün şansımızı itirdik. Bütün məsuliyyəti üzərimə götürürəm və istefa verirəm”.

Prosineçki 2018-ci ilin əvvəlindən bu komandanı çalışdırırdı. Onun rəhbərliyi altında bosniyalılar cari seçmə mərhələdə 6 oyuna cəmi 7 xal toplayıblar.

50 yaşlı mütəxəssis 2014-2017-ci illər aralığında Azərbaycan millisini çalışdırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp