Oyundan öncə hər iki komanda futbolçularının beynində ən azı heç-heçə etmək arzusu var idi. Əsas rəqibə uduzmaqdansa, aradakı xal fərqini qoruyacaq heç-heçə həm “Neftçi”, həm də “Qarabağ”a sərf edirdi. Bu səbəbdən 0:0-ı heç kim faciəyə çevirmədi.
 
Bu nəticə ağdamlılara daha çox lazım idi. Məğlubiyyətsiz oyunlar seriyasını davam etdirən “Qarabağ” Avropa Liqasında APOEL-lə vacib qrup oyunu öncəsi həm gücünü qorumağa, həm də əhvalını korlamamağa çalışırdı. Qurban Qurbanov növbəti matçın 6 gündən sonra olacağını nəzərə alaraq, heyətdə ciddi rotasiya etmədi, amma Kiprə məğlubiyyətsiz getmək üçün futbolçular bütün gücünü ortaya qoydu.
 
Qələbə “Neftçi”yə daha çox vacib idi. Aradakı 8 xallıq fərqi qapatmaq üçün bakılılar ev matçında qalib gəlməli idi. Rəqibin iki cəbhədə döyüşməsi, bu üzdən yorğun olması da işə yaramalıydı. Lakin bütüncəhdlər fayda vermədi.
 
Roberto Bordin meydana 5 müdafiəçi buraxsa da, əslində, bu, aldadıcı idi. Çünki Tural Axundovla Donald Gerye cinah yarımmüdafiəçiləri kimi oynayır, üstəlik, meydanın mərkəzində çoxluq yaradırdılar. Bu isə “Qarabağ”ın güclü yarımmüdafiə xəttini iflic edirdi. Ağdamlılar məhz ən güclü tərəflərini bu üzdən göstərə bilmirdi. Limit imkan versə, Bordin Rəhman Hacıyevin əvəzinə Dario Federikonu oynada bilsə, bəlkə də “Neftçi”nin qələbəsi daha real olardı. Amma braziliyalı məcburən kənarda saxlanılmışdı və bu, bakılıların hücum gücünü azaltmışdı.
 
Bununla belə, oyunda üstünlük “Qarabağ”da olsa da, təhlükəli epizodları məhz “Neftçi” yaratdı. Asmir Beqoviçin 3 real qurtarışı meydan sahiblərinin daha istəkli olmasının nəticəsi idi. Bu nəticə bakılıların qələbə seriyasının dayanması, eyni zamanda qonaqların mövsümdə ilk dəfə qol vurmaması ilə nəticələndi.
 
Əslində, hər iki komanda qol vurdu. Lakin “Neftçi”nin oyunçusu ofsayddan, qonaqlar qaydanı pozduqdan sonra fərqləndi və hər iki halda qol qeydə alınmadı. Tərəflər hərəyə bir dəfə topu rəqib oyunçunun əlinə də vurdu, cərimə meydançasındakı epizodlarda hakim “davam” işarəsi verdi. Oyuna 7 dəqiqə əlavə edilməsi bir qədər gözlənilməz oldu, üstəlik, baş hakimin verdiyi bəzi vərəqələr sual doğurdu, lakin heç nə xal bölgüsünə mane olmadı.
 
Çempionluğa əsas namizədlər aralarındakı xal fərqini dəyişə bilmədi. İndi qışa kimi qiyabi mübarizədə buna cəhd edəcəklər. Bütün suallara isə qışdan sonra aydınlıq gələcək. Rəqiblər hələ daha 2 dəfə üz-üzə gəlməlidi.
 
FƏRİD
Shares: