Azərbaycan milli komandası Avro-2020-nin seçmə mərhələsində təkcə biabırçı nəticəyə görə üz qızartmadı. AFFA-nın həmişə öyündüyü təşkilati məsələlərdə də fiasko yaşadıq.
 
Komandamız final mərhələsinə vəsiqə qazanmaq üçün qrupda oynadığı 8 görüşün 4-nü evdə keçirdi. Bu 4 görüş yığmamızın tarixində hər cür rəzilliyin baş verməsi ilə əlamətdar oldu.
 
Hər şey 2018-ci ilin sonlarında başladı. Qurban Qurbanovun məqsədli şəkildə millidən yola salınmasından sonra komandamıza baş məşqçi kimi naşı Nikola Yurçeviç təyin olundu. Yeni iş yerinə gəlib çatmamış xorvat mətbuatı mütəxəssisin illik 300 min avro məvacibə razılaşdığını yazırdı. Lakin eyni vaxtda AFFA-nın mətbuat xidməti “Futbolinfo”ya Yurçeviçin illik bir milyon avro (!) maaş alacağını etiraf etdi. Azca təcrübəsi olan heç kimin işləmək istəmədiyi postun məhz xorvat məşqçinin sərəncamına verilməsi, azarkeşlərin çoxunda bu addımın Xorvatiya millisinə qarşı keçiriləcək oyunların “xəta-bəlasız” ötüşməsi üçün atıldığı hissini yaratdı. Zaman keçdi və heç bir azarkeş yanılmadı. Görüb-görəcəyimiz şübhəli sülhdən qalan 1 xal oldu.
 
Millimiz doğma meydanda ilk matçında macarları qonaq edirdi. Qurbanovun vaxtında bilərəkdən Bakı Olimpiya Stadionuna “didərgin salınmış” yığmamız yenidən “Bakcell Arena”ya qayıtmışdı. Sirr deyil ki, bu stadion azarkeşlərin varlığını hiss etmək cəhətdən əlverişlidir. Demək olar ki, dolu tribunalar önündə keçən ilk ev oyununda 1:3 hesabı ilə məğlub olduqdan sonra hamı bir daha əmin oldu ki, “yeni baş məşqçinin gətirilməsi oyunu” kimlərinsə cibini doldurmağa xidmət edir. Sosial şəbəkələrdə azarkeşlər 3 gün sonra keçiriləcək növbəti ev oyununda “istefa” qışqırmaq barəsində razılığa gəlmişdilər. Futbolsevərlərin əksəriyyəti problemin baş katib Elxan Məmmədovdan qaynaqlandığını düşünürdü.
 
Fyodor Dostoyevski qeyd edirdi ki, “insan çox yalan danışanda özü də dediklərinə inanmağa başlayır”. Ancaq Məmmədov AFFA-nın baş katibi olduğu 12 il ərzində o qədər yalan danışıb ki, artıq öz dediklərinə inanmaqdan yorulub. Əks təqdirdə, slovaklarla ev matçında yerli fanatları stadiondan iyrəndirmək üçün əlindən gələni etməzdi. Azərbaycan – Slovakiya oyununda dünyada analoqu olmayan hal yaşandı – VİP sektorlar hamısı qonaq azarkeşlərə “hədiyyə” edilmişdi. Məqsəd bir idi – “istefa” şüarının qarşısını almaq, onun televiziyada görünməsini əngəlləmək. Axı, “CBC Sport”un kameraları VİP oturacaqlarla üzbəüz sahədən çəkiliş edir.
 
Görüşün ortalarında millinin qapısının “aşsüzənə dönməsi”ndən təngə gələn azarkeşlər 10 il sonra yenidən o “kreslosilkələyən” istefa şüarını səsləndirməyə başladı. Maraqlısı odur ki, oyunboyu AFFA-dan cana yığılan fanatlar etiraza başlamağa çəkinsələr də, slovakların qol sevincini analoji sözə bənzər tempdə qeyd etməsi azarkeşləri həvəsə gətirdi. Nəticədə onlarla millisevər stadiondan, yığmamız isə (1:5) meydançadan “qovuldu”.
 
Oyundan sonra federasiyaya yaxın saytlarda və sosial şəbəkələrdəki səhifələrdə məğlubiyyətə səbəb kimi görüşün iştirakçısı olmuş “Qarabağ” futbolçularından üçünü “günah keçisi”nə çevirmək üçün yazılar tirajlandı, kampaniyası həyata keçirilirdi. Ancaq ilahi ədalət öz sözünü dedi, UEFA matçın iştirakçılarını qiymətləndirərkən bəlli oldu ki, yığmamızda ən yüksək göstərici məhz onlardadı. Digər futbolçuların qarşılaşmadaki performansını qeyd etməyə ehtiyac qalmırdı.
 
3 ay keçdi. Milli komandanın “monopolist”i “Bakcell Arena”ya Yurçeviçin yerliləri təşrif buyurmuşdu. İstefa şüarının bəhrə vermədiyini görən yüzlərlə azarkeş stadiona gəlməmiş, əvəzində saksafonçalanlar (birdən istefa qışqırılsa, səslər eşidilməsin deyə), AFFA könüllüləri, “AFFA-ya ictimai dəstəy”in bütün ünsürləri oturacaqlarda yerlərini almışdı. “Neytrallar”ı düşündürən əsas məsələ isə başqa idi: “Görəsən, öz meydanında müəmmalı şəkildə yığmamızı çətinliklə məğlub edən xorvatlar səfərdə də yerlibazlıq edib Nikola bəyin kreslosuna dayaq olacaqdılarmı?”
 
İlk hissədə rəqibi “döyən” xorvatlar ikinci yarıda meydançada “sürünməyə” başladılar. Nəticədə Təmkin Xəlilzadənin qol epizodunda müdafiəçilərin “gözəgörünməz qüvvə” tərəfindən arxaya dartılması oyunun 1:1 hesabıyla yekunlaşmasına səbəb oldu. Bir neçə gün sonra qonaqların baş məşqçinin ölkəsinin mətbuatına “oyunçular zəhərlənmişdi” deməsi, gözdən pərdə asmaqdan başqa bir şey deyildi. Yəqin ki, dünyada oyunun ikinci hissəsində zəhərlənən yeganə milli Xorvatiya olmuşdu… Əslində isə zəhərlənən öz millimiz idi və növbəti oyunlardakı nəticələr hər şeyin “təsadüf” olduğunu göstərəcəkdi.
 
Son ev görüşündə Uelsi qəbul etdik. Yenə də istefa sözünün qüdrətindən qorxan AFFA rəhbərliyi növbəti xəyanətini edərək stadionda 1200 qonaq azarkeşin oturmasına şərait yaratdı. Beynəlxalq qaydalara görə stadiondakı yerlərin 5 %-i səfərə gələn azarkeşlərə ayrılır. Lakin 16 noyabrda 11000 nəfərlik stadionun oturacaqlarının 10 %-dən çoxu uelslilər üçün “saxlanılmışdı” (seçmə mərhələboyu azarkeşlərimizin stadiona gəlməsinə bir neçə dəfə əngəllərin yaradılması yada düşür). Nəticədə yığmamız öz meydanında qonaq kimi çıxış etdi və əzik şəkildə məğlubiyyətlə barışdı. Azarkeşləri “parter vəziyyəti”nə salınmış Azərbaycanın futbolçuları da oyunboyu o tərəf – bu tərəfə çırpınmağı ilə yadda qaldı.
 
Bundan başqa, Xorvatiyayla oyunda forma qalmaqalı da yaddan çıxmamalıdı. Səfər matçında emblemə vurulan loqolardan biri yaddan çıxmış, Emin Mahmudovun adı köynəyinə təhrif olunaraq yazılmışdı
 
Xəyanətlərlə zəngin seçmə mərhələ xal hesabında 55 ölkə arasında yalnız San Marino və Cəbəllütariqi qabaqlaya bilməyimiz, azarkeşlərin yığmamızdan iyrənməyi, 10 ildən sonra istefa şüarlarının stadiona qayıtmağı, AFFA-nın baş katibi Elxan Məmmədovun onu sevməyən jurnalistlərdən qaçmağı kimi hallarla yaddaşlara köçdü. Arxivə köçməyi labüd olan bir məsələ isə hələ də aktualdır – Elxan Məmmədovun futbol fəaliyyəti!
 
CAVAD
Shares: