Rəşadətli ordumuz, məğrur əsgərlərimiz düşmənin başını əzdiyi bugünlərdə sinəmiz qürurla dolub. İdman mediası da xəbər lentini müharibə ab-havasına bürüyüb. Futbol meydanlarında qovulan topları unudub düşmən səflərin dağıdan toplardan yazırıq. Hər şey Vətən üçün, hər şey qələbə üçün!

Bu gün ümumi birliyimiz vacibdi, sıx birləşməli, əsgərlərimizə dayaq olmalıyıq. Vətən hamımızdan daha vacibdi. Lakin arxa cəbhədə oynanılan oyunları da görürük. Futbol təsərrüfatında başverənlərin, bəzi məmurların çalışdıqları qurumun yox, şəxsi təbliğata yönələn addımlarının da fərqindəyik.

İnşallah, müharibə ordumuzun zəfəri ilə başa çatacaq, torpaqlarımızı azad edəcəyik. Buna zərrə qədər də şübhə yoxdu. Ali baş komandanın ətrafında birləşən xalqın Şuşada zəfər bayrağını sancmasına çox qalmayıb.

Amma ən əsası müharibədən sonra baş verəcəklərdi. Xalqın birliyini, həmrəyliyini görən, onların dəstəyini hiss edən cənab Prezident daxili düşmənləri təmizləmə prosesini də yekunlaşdıracaq. Bu istiqamətdə xeyli iş görülüb, davamı gələcək. Bu ölkənin sərvətlərini dağdanlar, büdcəsini talan edənlər, səriştəsizliyi ilə illəri xərcləyənlər mütləq hesabat verəcək. Faktları sadalayacaq, onları biz ifşa edəcəyik…

Hələlik ölkə mətbuatında gedən bir yazını diqqətinizə çatdırırıq. Belə ki, Azərbaycan milli komandasının futbolçusu, hazırda İspaniyanın “Albasete” klubunda oynayan Eddi İsrafilov Daqlığ Qarabağda baş verən hadisələrə münasibət bildirməkdən imtina edib. Dünən azerisport.com-un bununla əlaqədar hazırladığı yazıda qeyd edilib ki, saytın müxbiri cəbhədə başverənlərin Avropadan necə görünməsi və futbolçunun bununla bağlı nə düşünməsi ilə əlaqədar İsrafilovla əlaqə saxlamaq istəyib. Eddinin adından saytın suallarına onun əslən Azərbaycandan olan anası İradə İsrafilova cavab verib.

Cavab təəccüblü olub: “Biz neytral ərazidə yaşayırıq və o, (Eddi İsrafilov – red.) siyasətə qarışmaq istəmir. Bundan başqa, bizim burada dostlarımız və tanışlarımız arasında çoxlu erməni də var. Biz burada hamımız münaqişəyə qarışmadan yaşayırıq. Öz aramızda danışırıq. Siyasi məsələlərə və problemlərə toxunmayacağıq. Özlüyümüzdə hər birimiz ölkəmizi dəstəkləyirik. Amma bu məsələni heç vaxt müzakirə etmirik. Nəyə görə Eddi bu haqda danışmalı və özünə problem yaratmalıdır? O, matçlara gedir, bütün İspaniyanı gəzir və bir gün bir erməni ilə yolu kəsişəcək. Eddi dedi ki, İnstaqramdakı səhifəsində orduya dəstək məqsədilə hansısa şəkilli bir söz paylaşacaq. Amma siyasətə dair heç bir müsahibə verməyəcək”.

Təsəvvür edirsizmi,hətta Azərbaycanda çıxış edən, vaxtilə burada oynamış, amma hazırda hərəsi öz ölkəsində olan əcnəbilər haqq davamızı müdafiə edərkən…

Eddi 2015-ci ildən Azərbaycan millisinə cəlb olunub. Onun atası anqolalı, anası isə azərbaycanlıdır. Futbolçunun yığmamızda oynaması üçün AFFA tərəfindən 700 min – 1 milyon avro aralığında pul xərclənib.

İsrafilov futbolçu kimi millimizə heç vaxt xeyir verməyib, onun legioner kimi heç olmasa indi danışmasına, Azərbaycanın haqlı mübarizəsində dünya ictimaiyyətinə səsimizi çatdırmasına ehtiyac var idi. Amma o, millisinin formasını geydiyi Azərbaycanı yox, erməni tanışlarını düşündü. Koronavirus pandemiyasını bəhanə edib yığmanın son oyunlarına gəlməkdən də boyun qaçıran Eddiyə, onun havadarlarına, bu izdivac üçün böyük pullar xərclədənlərə deyəsi sözümüz olacaq. Daxili düşmənlərin, bu dövləti səriştəsiz hərəkətləri ilə içindən dağıdanların təmizlənməsi prosesində görüşəcəyik…

eddi riad - Futbolinfo.az
eddi - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp