Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, doğma meydanda 0:3 hesabıyla məğlub olan və mübarizəni dayandıran Polşa klubunun çalışdırıcısı matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Bizim üçün xoş olmadı. Daha yaxşı olan bir komandaya çox vacib matçda məğlub olduq. Qol vurmaq üçün çox imkan yaratmadıq. Rəqib bu baxımdan daha yaxşı idi və çox şansları oldu. Gələcəkdə belə oyunlarda uduzmamaq üçün üzərində işləməli olduğumuz məqamlar var”.
“Qarabağ”ı öncədən təhlil etdiklərini bildirən Mixneviç Azərbaycan təmsilçisinin gözlədikləri kimi çıxış etdiyini söyləyib:
“Meydanın mərkəzini ələ keçirdikləri və cinahları işə saldıqları zaman bizə problem yaradırdılar. Bu səbəbdən daha çox yarımmüdafiəçinin və hətta iki hücumçunun topu aldıqdan sonra yarımmüdafiədən hücum qurmasını istəyirdik. Vaxt keçdikdə rəqibin boşluqlar buraxacağını və cinah hücumçularımız üçün şanslar yaranacağını düşünürdük. Qrup mərhələsinə yüksələcəyimizi güman edirdim. Nəticə dəhşətlidir, amma sabahdan etibarən gücümüzü bərpa edib, növbəti matça hazır olmağa çalışacağıq”.