“Qarabağ”ın bu qədər zəif nəticəyə görə alqışa layiq bilinməsi özü də qəribədi. Amma alqışlanmalıdı…

Avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmağı adiləşdirən ağdamlılardan hamı hər il daha yaxşı nəticə, artıq növbəti mərhələyə vəsiqə qazanmaq gözləyir. Futbolumuzun üzünü ağ edən yeganə təmsilçimizi bu qədər yükləmək bəlkə də doğru deyil, amma “Qarabağ”ı böyüdən də elə ondan daim daha yaxşı şeylər istənilməsi, komandanın da ümidləri doğrultmaq üçün maksimuma can atmasıdı.

“Qarabağ” klublarımızın uzun illər təkrarlaya bilməyəcəyi hədd müəyyənləşdirib. Və hətta postsovet məkanında əksəriyyət bu uğura həsrətlə baxır. Biz isə reallığı yaşayırıq. Vətən müharibəsində ruhumuzun diri qalması üçün son 10 ildə hər şey edən klubumuz təkcə futbol meydanlarında deyil, ideoloji savaşımızda da mayak idi.

Elə bu səbəbdən realistik, Qarabağı, ətraf rayonları geri qaytardığımız ildə eyniadlı komandanın nəticələrinə üzülmürük. Azarkeşlər də obyektivdi, komandanın hansı şərtlər altında mübarizə apardığını gözəl bilir və qınamır.

“Qarabağ” futbolçuları son 3 ayı sözün həqiqi mənasında havada keçirdi. Qrup mərhələsində geridə qalan 5 oyunu səfərdə baş tutdu, növbəti həftə İspaniyaya qonaq gediləcək. Əksər oyunçuların milli komandaların düşərgələrində həftələr keçirdiyini nəzərə alsaq, gərgin qrafikin gətirdiyi yorğunluğu təsəvvür etmək olar. Müharibə üzündən ev oyununa həsrət qalan, qaçqınlığı bitdiyi zaman Türkiyədə nominal ev sahibi olan “Qarabağ” çox əziyyət çəkdi. Bəzən Premyer Liqa matçları öncəsi məşq etməyə vaxt qalmadı, doğma Ağdamın ziyarətinə gedildi.

Bu sıxıntılar içində komandanın 4 tur ərzində xal qazanmaması anlaşılırdı. Amma futbolçular biabırçı statistikanı özünə rəva bilib, antirekorda imza atanların siyahısına düşmədi. Dünən Türkiyədə “Makkabi”dən ilk xal alındı, missiya şərəflə tamamlandı. Düzdü, hələ “Vilyarreal”la İspaniyadakı duel qalır, amma ağdamlılar major nöqtəni dünən qoydu.

Oyunun əvvəlində istədiyi futbolu sərgiləməyən, gözlənilməz penatidən qol buraxan “Qarabağ” cavab topunu vurmağı, matçı bərabərliklə yekunlaşdırmağı bacardı. Heyətdəki rotasiyalara, bir sıra futbolçuların zaman-zaman cəza, zədə, koronavirus üzündən kənarda qalmasına rəğmən… Hətta son matç baş məşqçi Qurban Qurbanovun yoxluğunda baş tutdu.

“Qarabağ” ev oyunlarında ona qucaq açan Türkiyəyə, qardaş ölkənin qrupumuzdakı təmsilçisi “Sivasspor” üçün son şansı yaratmaqla, təşəkkürünü də bildirdi. “Makkabi” dünən qələbə qazansaydı, sivaslıların növbəti mərhələ arzusu bitəcəkdi, amma İsrail təmsilçisindən alınan 2 xal son tur üçün həlledici qarşılaşmanın təyin edilməsiylə əlamətdar oldu.

Sonunsu pillə rəsmiləşib. Bəli, yaxşı nəticə deyil. Amma yaydan bu yana başverənləri nəzərə alsaq, buna görə də çempionumuza təşəkkür etməyə dəyər. 1 xalla zədələnməkdən qurtulan imici möhkəmləndirmək üçün gələn mövsüm komandanın üzərinə çox iş düşəcək.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp