Son illər Premyer Liqamızda oyun keyfiyyəti o qədər aşağı düşüb ki, hakimlərimiz üçün matçları idarə etmək asanlaşıb.

Futbolinfo.az xəbər verir ki, futbolçular kimi, referilərimizin də inkişafı baxımından hazırkı səviyyə əlverişli deyil.

Elə bunun göstəricisidir ki, Hakimlər Komitəsinin sədri Fritz Stuxlik ölkə xaricində təlim-məşq toplanışına ehtiyac duymur, hətta çempionatı da gənclərə həvalə edir. Yeni ilin ilk turunda təcrübəlilərə “istirahət” verən avstriyalı sabiq FIFA referisi Premyer Liqa matçlarına gəncləri təyin etmişdi. Ancaq ortaya çıxan mənzərə heç də ürəkaçan deyil.

XV turun 4 görüşünün ikisində bağışlanılmaz hakim səhvi qeydə alındı. İlk olaraq “Neftçi” – “Sumqayıt” matçında Kamal Umudlu və köməkçisi qonaqların 2 xalını əlindən aldı. Məhz hakimlər briqadasının “Neftçi”nin ofsayddan vurduğu qolu qeydə alması “kimyaçılar”ı təkcə qələbədən məhrum etmədi, eyni zamanda komandanın 3-cü pillədəki “Neftçi”yə yaxınlaşmasına mane və özünün də 5-ci yerə yuvarlanmasına səbəb oldu. Bu səhv, bəlkə də, “Sumqayıt”ın önündə Avropa Liqasına vəsiqə yolunda böyük maneə kimi duracaq.

Dünənki “Qəbələ” – “Keşlə” görüşündə isə hesab 1:2 olarkən cərimə meydançası xətti üzərindəki kobudluq penalti kimi qiymətləndirilmədir. Səbuhi Bayramov topu 3-4 sm geri qoyaraq cərimə zərbəsi qeydə aldı. Bunun ümumi nəticəyə bir təsiri olmaya bilər. Ancaq ən azı “Keşlə”nin son yarım saatı böyük həyəcan içində keçirməsinə yol açdı. “Qəbələ”nin bərabərlik topu isə bakılıların ikinci yerə yüksəlməsinin qarşısını ala və “Zirə”nin yaxınlaşmasına gətirib çıxara bilərdi.

Maraqlısı burasındadır ki, Fritz Stuxlik turdan bir gün əvvəl jurnalistlər üçün seminar keçirib, Oyun Qaydalarına edilmiş əlavə və dəyişiklikləri başa salıb, müxtəlif epizodlar ətrafında onlarla viktorina təşkil edib. Ancaq görünən odur ki, cənab Stuxlik vaxtını jurnalistlərin deyil, hakimlərinin maariflənməsinə ayırsa, daha faydalı olar. Ən azı ofsaydı, xətt üzərində kobudluğun penalti olduğunu tələbələrinə başa salar. (apasport.az)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp