“Zirə”nin müdafiəçisi Bəxtiyar Həsənalızadənin futbolinfo.az-a müsahibəsi

– Nəhayət ki, komanda qələbə qazandı. Növbəti qalibiyyətlərə yolunuzun açıldığını demək olarmı?

– Hər komandada bir müddətlik eniş dönəmi olur. Əsas odur ki, bu uğursuz vaxt geridə qaldı. Son turda yaxşı oynadıq, komanda mübarizə apardı. Bizə lazım olan qələbəni əldə etdik.

– Amma qış fasiləsindən sonrakı mənzərə heç də ürəkaçan deyil…

– Niyə bu qədər uduzduq, nələr oldu – onu baş məşqçi analiz edir. Lazım olan şeyləri bizə deyir, çatışmazlıqları aradan qaldırmağımız üçün çalışır. Biz də onun dediklərini etməyə səy göstəriririk. Son oyunlarda əsas mübarizə aparmaq idi ki, bunu da meydanda görürük.

– Hədəfinizə çata biləcəksiz?

– Bunun üçün çalışırıq, üzərimizdə işləyirik. Hədəfimizdən elə də uzaqda deyilik. İndi 4-cü pillə ilə xalımız bərabərdir və yaxşı nəticə əldə edə bilərik.

– Qışda komandadan ayrılmaq variantın var idi…

– Özümə komanda tapa bilmədim və “Zirə”də qaldım.

– Əvəzedici heyətdə oynamaq çətin deyildi?

– Açığı, əvəzedicidə olmaq bəlkə də mənim xeyrimə oldu. Bir dönəmlik özümə gəlməyimdə bu təcrübə rol oynadı.

– Nə baş verdi ki, əsas komandaya qayıtdın?

– “Zirə” ilə yaya qədər müqaviləm var və lazım olan vaxtda komandama kömək etmək borcumdu.

– Yayda komandadan ayrılacaqsan?

– Bu haqda konkret bir söz deyə bilməyəcəm. Çünki hələ mövsümün sonuna vaxt var. İndiki anda niyyətim komandaya xeyir verməkdir. Gələcəkdə nə olacağını zaman göstərəcək.

– Birvaxtlar sənin milliyə dəvət alacağını, daha yaxşı səviyyəyə gələcəyini deyirdilər. Amma heç də yaxşı olmadı…

– Bilirəm ki, gözlənilənlər baş vermədi. Mənim daim planımda milliyə çağırılmaq var. Üzərimdə çalışacam və daha yaxşı oynamağı hədəfləyirəm. Ümid edirəm ki, çağrılaram. Millidə oynamaq qürurvericidir.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp