“Zirə” qısa tarixinin ən riskli dönəminə start verir. Heyətin büsbütün yenilənməsi, legionerlərdən, təcrübəli yerlilərin əksəriyyətindən imtina edilməsinin başqa adı yoxdu. Faktiki, yeni komanda qurulur.
Amma bu risk qorxulu deyil. Çünki hansısa sıradan əcnəbi məşqçi üçün milyonları əhatə edən büdcə ayrılmayıb, sırf güclənmək naminə istənilən legionerin transferinə şərait yaradılmayıb. “Zirə” düşünülmüş strategiya müəyyənləşdirib. Və “sükan”ın Rəşad Sadıqov kimi simaya tapşırılması riskin müsbət nəticə vermə ehtimalını böyük ölçüdə təmin edib.
Bəli, Sadıqov debütantdı, futbolçu karyerasını bitirdikdən sonra ilk işi olacaq. Amma onun illərdi “Zirə”yə qiyabi nəzarət etməsi unudulmamalıdı. Klubun idarəçisi Orxan Məmmədova dost kimi dəstəyi indi fərqli “don geyinir”, daha aktiv fəaliyyət reallaşır. Üstəlik, futbolçu ola-ola PRO kateqoriyası alması, U-21 millimizə qısa müddətdə, amma uğurlu rəhbərlik etməsi, “Qarabağ”da kapitan olduğu vaxt həm də oynayan məşqçi kimi etdikləri unudulmamalıdı. Rəşad debütant olsa da, mətbəxi çox yaxşı bilən biridi.
3 illik müqavilə – bu fakt hər şeyi deyir. Deməli, Sadıqov erkən nəticəyə köklənməyib. O, əla komanda qurmağa, dayanıqlı kollektiv yaratmağa çalışacaq. Və elə bu səbəbdən özü gəlməmiş heyətdə ciddi təmizləməyə nail oldu. İndi xüsusi titizliklə heyət seçiləcək, istedadlı gənclərin vəhdətindən kollektiv qurulacaq. Təcrübəli futbolçular, bir neçə sanballı legioner seçilincə sabahın iddialı komandasını görəcəyik.
Sadıqov dəst-xəttini də ortaya qoymalı olacaq. Bu, onun gələcək karyerası, iddiaları üçün çox mühüm məqamdı. Sıradan biri olmaq iddialı kapitana yaraşmaz – özü də bunun fərqindədi. O, bəlkə də ölkənin futbol təsərrüfatını inkişaf etdirməyinin yolunu göstərmək üçün Zirədə kiçik bir model nümayiş etdirməlidi. Bacaracağına əminik.
Sadıqovun heyətdə balans yaratması ilk uğurudu. İlinə 220 min manat maaşa oynayan, amma ötən mövsüm bunun yarısını verə bilməyən Cavid Hüseynov kimi problemli oyunçuyla vidalaşmaq ilk önəmli addım idi. O, kapitan kimi də rolunu icra edə bilmirdi. Eyni zamanda qeyri-sabit əcnəbilər, heyətə düşməyi bacarmayan bəzi yerlilərin yola salınması doğru qərar idi. Samir Abasovun təyinatıyla xaosa bürünmüş “Zirə” bu islahatlardan sonra ağ vərəq kimi yenidən yaz(ıl)mağa hazırdı.
Rəşad bəyin (təqdimat forması dəyişib – müəl.) komandaya seçdiyi yeni “ağsaqqal” tələblərinə uyğundu. “Səbail”dən ayrılıb qəsəbə klubuna gələn Şəhriyar Rəhimov həm oyunu, həm əxlaqı, həm də davranışı ilə nümunəvi kapitan ola biləcək biridi. “Zirə”nin digər aparıcı oyunçuları da cinah müdafiəçisi ilə hesablaşacaq və yeni komanda quruculuğunda bu kimi detallar önəmlidi.
İlkin informasiyalara görə Sadıqov sabiq komanda yoldaşlarını da yanına aparacaq. O, rəhbərlikdən “Qarabağ”ın bəzi gənc üzvlərini, xüsusilə Ağdam klubunun baş məçqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının və Tural Bayramovun icarəyə götürülməsini istəyib. Bu keçidlərin yaxın günlərdə reallaşacağı dəqiqdi. Çempionun legionerlərlə zəngin heyətində möhkəmlənə bilməyən, amma partlamağa hazır “bombalar” əvvəllər də Rəşad bəyin xüsusi nəzarətində olduğundan arzuların reallaşması çətin görünmür.
Vaxtilə Sadıqovun U-21 üçün seçdiyi bir sıra başqa istedadlar da yeni, döyüşkən kollektivin əhəmiyyətli parçası olacaq. Təbii ki, gənclərə üstünlük verilməsi səviyyəli əcnəbilərin transferi üçün büdcəyə qənaət edilməsinə şərait yaradacaq. Belədə “Zirə”nin komandanı arxasınca daşıya biləcək 2-3 legionerlə güclənməsi mümkünləşəcək.
Bütün bunlar xoş ehtimallardı. Planları gerçəyə çevirmək məsuliyyəti yeni məşqçinin çiyinlərinə düşəcək. Sadıqovun xarakterini, əzmini, potensialını nəzərə alsaq, “Zirə”nin seçdiyi strategiyanı uğurla həyata keçirəcəyinə şübhə yoxdu.
FƏRİD