“Sumqayıt”ın yeni transferi Höccət Haqverdi “gənclik şəhəri” təmsilçisinə keçidindən danışıb.

Futbolinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi İran mətbuatına açıqlamasında bunları söyləyib:

“Hələ “Peykan”da olarkən “Sumqayıt”ın direktoru və baş məşqçisi mənimlə əlaqə saxlamış və komandaya dəvət etmişdilər. Ona görə də ilk seçimim Azərbaycan klubu oldu. Düzdür, “Persepolis”dən də təklif almışdım. Amma bütün şərtləri nəzərə aldıqdan sonra qərarımı verdim”.

Cənubi azərbaycanlı oyunçu bildirib ki, iki ölkə arasındakı məsafənin yaxınlığı da seçiminə təsir edib: “Mən və ailə üzvlərim Azərbaycana rahatlıqla səyahət edə biləcəyik. “Sumqayıt”la yarım mövsümlük müqavilə imzalamışam. Mayda sözləşmənin şərtlərinə yenidən baxacağıq”.

Haqverdi son vaxtlar iranlı futbolçuların Azərbaycan Premyer Liqasına axınının səbəbini də açıqlayıb: “Düşünürəm ki, bu, bizim futbolçuların son illərdə Azərbaycan çempionatında yaxşı çıxışı ilə bağlıdır. Peyman Babayi, Mehdi Şərifi və digərlərinin Premyer Liqadakı çıxışı məni “Sumqayıt”ın təklifinə ciddi yanaşmağa vadar etdi. “Peykan”da komanda yoldaşım olmuş Şərifinin də bu komandaya transferi həlledici oldu. Əli Qurbani də burada oynayır. Hazırda “Sumqayıt”da 3 iranlı futbolçunun olması hamımız üçün çox yaxşıdır. Bu, ilk beynəlxalq təcrübəmdə mənə kömək edəcək”.

Haqverdi “Sumqayıt”a gələnədək Azərbaycan futbolu barədə məlumatsız olduğunu da diqqətə çatdırıb: “Bütün iranlılar kimi mən də Şərqi Avropa ölkəsinin çempionatı barədə heç nə bilmirdim. Amma buradakı idman obyektlərini, oyun üslubunu, klubların şəraitini görəndən sonra təəccübləndim. İranla müqayisədə yüksək səviyyədə avadanlıqlara sahibdirlər. Komandamızın xüsusi düşərgəsi və üç məşq meydançası var. Futbolçular bu amillərin nə dərəcədə önəmli olduğunu yaxşı bilir. İranda əkin sahəsinə bənzəyən ərazidə məşq edirdik. Burada isə vəziyyət tam fərqlidir. Daha yaxşı komandaya keçmək üçün “Sumqayıt”dan tramplin kimi istifədə edə bilərəm”.

Shares: