“Püşkdən öncə potensial rəqiblərimizin kimliyini bilirdik. Hər şeyə hazırlıqlı idik”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında “Qəbələ”nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov UEFA Gənclər Liqasının 1/32 final mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
.
Əyalət təmsilçisi bu raundda Şimali Makedoniyanın “Şkendiya” klubunun müvafiq yaş üzrə komandası ilə qarşılaşacaq. 38 yaşlı mütəxəssis bildirib ki, rəqibin kimliyindən asılı olmayaraq, çətinlik çəkəcəklər: “Bilirsiniz ki, pandemiya ilə əlaqədar Azərbaycanda U-19 liqası keçirilmir, uşaqlar futboldan kənarda qalıblar. Hazırlıq səviyyəsi ilə bağlı problemi aradan qaldırmaq çətin olacaq. Amma bu turnirdə təcrübəmiz var. Komandanı oyuna yaxşı hazırlamağa çalışacağıq”.

Xəlilov “Şkendiya” haqqında ətraflı məlumata sahib olmadıqlarını söyləyib: “Potensial rəqiblər arasında “Şerif” də var idi. Bizə tanış komandadır. 2018/2019 mövsümündə onları məğlub etmişdik. “Şkendiya” barədə isə ətraflı məlumatımız yoxdur. Bu gündən rəqibi analiz edəcəyik”.

Baş məşqçinin sözlərinə görə, komandası avrokubok matçınadək yoxlama oyunu keçirəcək: “Əksər ölkələrdə çempionat başlayıb, komandalar 7-8 tur oynayıblar. Biz isə sonuncu rəsmi matçımızı ötən ilin martında keçirmişik. Sadəcə bəzi yoxlama görüşlərində qüvvəmizi sınamışıq. Hazırda I Diviziondan “Zaqatala” və “Sumqayıt-2″ ilə danışıq aparırıq. Alınsa, onlardan biri ilə oynayacağıq”.

Xəlilov pandemiyanın səbəb olduğu səfər məhdudiyyətlərinə baxmayaraq, turnirdə iştirak edəcəklərini vurğulayıb: “Əvvəlcədən söz vermək çətindir. Çünki rəsmi matçlardan öncə koronavirus testindən keçməlisiniz. Onun nəticəsinə uyğun addım atılacaq. Amma 99 faiz deyə bilərəm ki, oynamaq istəyirik. Səfərə yaxşı nəticə üçün yollanacağıq”.

Qeyd edək ki, “Şkendiya” – “Qəbələ” görüşü martın 2-si və ya 3-də keçiriləcək. Mərhələ bir görüşdən ibarət olacaq.

Shares: